- 17:06
Dünyanın ən cənubunda fəaliyyət göstərən Erebus vulkanının hər gün atmosferə saf qızılın mikroskopik kristallarını yaydığı müəyyən edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Antarktidanın Ross dənizində yerləşən Ross adasındakı Erebus dağı Cənub qütbündən təxminən 1350 kilometr aralıda yerləşir və daim aktiv olan azsaylı vulkanlardan biridir. Onun kraterində davamlı qaynama vəziyyətində olan lava gölü mövcuddur.
Alimlər vulkanın qaz çıxışlarında elementar qızılın mikroskopik kristallarını aşkar ediblər. Tədqiqatlara görə, Erebus vulkanı gündəlik olaraq təxminən 1000 kilometr məsafəyə yayıla bilən qızıl tozu hissəcikləri buraxır.
Bu xüsusiyyət Erebusu Yer üzündə qızılı kristal formasında atmosferə buraxan yeganə məlum vulkan kimi fərqləndirir. Bununla belə, vulkanik aktivlik zamanı qızılın izlərinə digər vulkanlarda da rast gəlinib.
Elm adamları bildirirlər ki, vulkanik proses zamanı yerin dərinliklərində ərimiş materialla birlikdə qızıl da səthə çıxır. Yüksək temperatur səbəbindən qızıl buxarlanmasa da, qazlarla birlikdə xlor və kükürd birləşmələri vasitəsilə daşınır.
Tədqiqatçılar Erebus ətrafında qar, qaz buludları və troposferdən nümunələr götürərək analiz ediblər. Nəticədə təxminən 60 mikrometr ölçüsündə, mükəmməl formalı qızıl kristalları müəyyən olunub.
Lakin alimlər bu kristalların necə formalaşdığı barədə yekun nəticəyə gələ bilməyiblər. Bir ehtimala görə, qızıl qazlar soyuduqca kristallaşır və sonra Antarktida buzuna çökür. Digər versiyaya görə isə qızıl kristalları lava gölündə əvvəlcədən formalaşır və daha sonra qazlarla atmosferə yayılır.
Kəşfdən onilliklər keçməsinə baxmayaraq, Erebus vulkanında baş verən bu nadir proses hələ də tam izah olunmamış elmi sirr olaraq qalır.
Şəbnəm Mehdizadə