- 17:06
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidentinin may ayında Qazaxıstana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər Rusiya ilə Qazaxıstan arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişafı ilə bağlı əsas məsələləri nəzərdən keçiriblər”, - məlumatda deyilir.
Bundan əlavə, söhbət zamanı ticarət-iqtisadi və enerji sahələrində qarşılıqlı faydalı ikitərəfli layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Beynəlxalq və regional gündəliyi müzakirə edərkən Tokayev Brüsselə rəsmi səfəri ilə bağlı təəssüratlarını da bölüşüb.
Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Tokayev bu səfər çərçivəsində Avropa Komissiyasının ticarət və iqtisadi təhlükəsizlik məsələləri üzrə komissarı Maroş Şefçoviç, Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays və Avropa İnvestisiya Bankının vitse-prezidenti Marek Mora ilə görüş keçirib. Səfərin yekununda Qazaxıstan Avropa İttifaqı ilə ümumi dəyəri 12 milyard ABŞ dollarından çox olan kommersiya sazişləri və memorandumlar imzalayıb.
Humay Eminqızı