- 11:58
Pakistanın Lahor şəhərində yerləşən tədris mərkəzinin damının çökməsi nəticəsində azı 14 şagird həlak olub, 5 nəfər isə yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Pəncab əyalətinin səhiyyə naziri Xavaca İmran jurnalistlərə açıqlamasında bildirib ki, hadisə Lahorun Kahna rayonunda yerləşən tədris mərkəzində baş verib. Onun sözlərinə görə, hadisə zamanı binada 35-40 nəfər şagird olub.
Nazir qeyd edib ki, xilasedicilər dağıntılar altından çoxsaylı şagirdi xilas ediblər. Xəstəxanaya çatdırılan 19 şagirddən 14-ü həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, həlak olan uşaqların yaşı 7-12 arasındadır.
Axtarış-xilasetmə əməliyyatları davam edir. İlkin məlumata görə, azı 7 şagirdin hələ də dağıntılar altında qaldığı ehtimal olunur.
Faktla bağlı cinayət işi başlanılıb. Aparılan istintaq çərçivəsində tədris mərkəzinin sahibi də daxil olmaqla iki nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə