- 11:58
Arxivlərdə 40 il araşdırılmamış sümük fosilinin Antarktida qitəsində aşkar edilmiş ilk dinozavr qalığı olduğu ortaya çıxıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 40 il əvvəl, Britaniya geoloqu Maykl Tomson və alman həmkarı Reynhard Förster Antarktidadakı Ceyms Ross adasında qaya xəritələşdirmə tədqiqatları apararkən müxtəlif bitki və onurğasız fosilləri ilə yanaşı böyük bir onurğa sümüyü tapıblar.
O dövrdə böyük bir sürünənə aid olduğu düşünülən, lakin ətraflı araşdırılmamış bu sümük İngiltərədəki arxiv mərkəzinə köçürülüb və uzun illər orada saxlanılıb.
İllər sonra kolleksiyanı araşdıran paleontoloq Mark Evans sümüyün quruluşundan şübhələnib və onu laboratoriyaya qaytarıb. Nəticədə tarixi bir kəşfə imza atıb.
Ətraflı təhlillər 40 ildir saxıanılan bu fosilin Son Təbaşir dövründə Antarktida qitəsində yaşamış nəhəng bir zauropod dinozavrının quyruq sümüyü olduğunu təsdiqləyib.
Dünya tarixində ən böyük canlı qruplarından birini təmsil edən "Eutitanosauria" adlı bu klan üzvü öz növünün digər nümunələri ilə müqayisədə olduqca kiçikdir. Mütəxəssislər fosili sümük quruluşundakı fərqli içbükey və qabarıq formaları araşdıraraq titanosaur kimi təsnif etsələr də, dəqiq növünü müəyyən etmək üçün hələlik kifayət qədər məlumat yoxdur. Bununla belə, sümüyün Argentinada tapılan dinozavr növü ilə heyrətamiz oxşarlıqlar göstərdiyi bildirilir.
Bu günə qədər Antarktidada yalnız 12 növün qalığı tapılıb ki, bu da buz örtüyü səbəbindən dinozavr fosillərinin tapılmasının ən çətin olduğu qitədir.
Arxivdən çıxarılan bu fosil həm Antarktidada indiyə qədər toplanan ən qədim dinozavr qalığı, həm də qitədə tapılan ikinci zauropod fosili adını qazanıb.
Alimlər inanırlar ki, bu kəşf təkcə qitənin keçmişinə deyil, həm də cənub yarımkürəsindəki qədim superkontinent olan Qondvana üzərindəki canlıların miqrasiyasına işıq salacaq.
Mütəxəssislər qeyd edirlər ki, bu cür nəhəng dinozavrlara dair dəlillər Avstraliya və Yeni Zelandiya kimi bölgələrdə olduqca məhduddur və Antarktidadakı bu mövcudluq heyvanların bir vaxtlar bir-biri ilə əlaqəli olan bu quru əraziləri arasında səyahət etdiyini göstərir.
Şəbnəm Mehdizadə