- 17:03
Kanadada 11 yaşlı bir uşaq yarasanın üzünə toxunmasından sonra quduzluqdan ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanada Tibb Assosiasiyasının Jurnalında dərc olunan bir hesabata görə, hadisə 2024-cü ildə Ontariodakı bir kənd evində baş verib.
Yarasa yatmış uşağın üzünə qonub. Atası yarasanı tutaraq çölə çıxarıb.
Uşağın bədənində görünən yaralar olmadığı və yarasa qeyri-adi davranış nümayiş etdirmədiyi üçün ailə tibbi yardım almayıb. 19 gün sonra uşaqda üzdə uyuşma və şişkinlik hiss edilməyə başlayıb. Ailə həkimə müraciət edib. İlkin müayinələr zamanı müvəqqəti üz iflici diaqnozu qoyulub və antiviral dərman təyin edilib.
Xəstənin vəziyyəti pisləşdiyi üçün ertəsi gün xəstəxanaya aparılıb və müayinə zamanı ağız və diş əti infeksiyası diaqnozu qoyulub. Xəstəxanaya qəbul prosesi zamanı uşağın qızdırması 39 dərəcəyə qədər yüksəlib. Udmaqda çətinlik çəkən, çaşqınlıq və görmə halüsinasiyaları yaşayan xəstənin vəziyyəti sürətlə pisləşib. Uşaq reanimasiya şöbəsinə köçürülüb.
Manitoba Universitetinin Pediatriya və Uşaq Sağlamlığı şöbəsinin həkimləri quduzluqdan şübhələniblər. Testlər quduzluq virusunun yarasalardan keçən variantının mövcudluğunu təsdiqləyib. Xəstə 17 gün sonra ölüb.
Qeyd edək ki, Kanada Baytarlıq Tibb Assosiasiyasının məlumatına görə, 1924-cü ildən bəri ölkədə quduzluqdan yalnız 28 insan ölümü qeydə alınıb. Səlahiyyətli orqanlar quduzluq hallarının aşağı nisbətini geniş yayılmış və ardıcıl olaraq tətbiq olunan peyvənd proqramları ilə əlaqələndirirlər. Mütəxəssislər vurğulayırlar ki, yarasalarla birbaşa təmasda olmaq şübhəli quduzluq səbəbindən təcili tibbi yardım tələb olunur. Quduzluq virusu simptomlar göründükdən sonra demək olar ki, bütün hallarda ölümcül olur.
Şəbnəm Mehdizadə