Türkiyənin bu vilayətində meşəlik ərazilərə giriş qadağan edildi


  • 16:47

Türkiyənin Aksaray vilayətində artan meşə yanğınları riski ilə əlaqədar meşəlik ərazilərə giriş 15 oktyabr tarixinədək qadağan edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barəxə Aksaray Valiliyinin yaydığı yazılı açıqlamada bildirilib.

Qeyd olunub ki, havaların mövsümi normalardan daha isti keçməsi səbəbindən meşə yanğınları təhlükəsi artıb. Bu səbəbdən meşələrin qorunması və mümkün yanğınların qarşısının alınması məqsədilə bir sıra məhdudiyyətlər tətbiq olunub.

Qərara əsasən, 15 oktyabra qədər şəhər ərazisindəki bütün meşəlik sahələrə giriş və çıxış qadağandır. Eyni zamanda, meşələrdən keçən və onların ətrafındakı yollarda odla və ya odsuz piknik etmək də yasaqlanıb.

Bundan başqa, üzüm bağları, bağlar və əkin sahələrinin təmizlənməsi zamanı yaranan küləş, budaq və digər bitki qalıqlarının yandırılması həm meşəlik ərazilərdə, həm də meşələrə bitişik və digər yaşayış məntəqələrində qadağan edilib.

Valilik bildirib ki, qərarın məqsədi meşə sərvətlərini qorumaq, yanğın riskini minimuma endirmək, vətəndaşların həyat və əmlak təhlükəsizliyini təmin etmək, eləcə də təbii ekosistemi mühafizə etməkdir.

Rəsmi açıqlamada vətəndaşlar tətbiq olunan qadağalara ciddi əməl etməyə çağırılıb. Qeyd olunub ki, qaydaları pozan şəxslər barəsində qüvvədə olan qanunvericiliyə uyğun inzibati və hüquqi tədbirlər görüləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər