- 17:37
Hindistan hakimiyyəti təxminən 30 il əvvəl dünyanın ən yüksək zirvəsi olan Everest dağında həlak olmuş alpinist Dorje Morupun cəsədinin geri qaytarılması üçün hazırlıqlara başlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın hərbiləşdirilmiş qurumu olan Hind-Tibet Sərhəd Polisi 1996-cı ilin mayında Everestə dırmanış zamanı həyatını itirən əməkdaşının cəsədinin çıxarılması məqsədilə yüksək hündürlükdə xilasetmə üzrə mütəxəssislərlə danışıqlar aparır.
Alpinistin geyindiyi yaşıl çəkmələr səbəbindən “Yaşıl Çəkmələr” kimi tanınan cəsədi Everestin 8 min metrdən yuxarı yerləşən və “ölüm zonası” adlandırılan hissəsində qalır.
Dorje Morupun cəsədi Everestin Çin hakimiyyətinin nəzarətində olan Tibet marşrutu üzərində yerləşir. Buna görə də onun geri qaytarılması üçün Pekinin icazəsi və əlverişli hava şəraiti əsas şərtlər hesab olunur.
Məlumata görə, Çin hakimiyyəti 2026-cı ilin yaz mövsümündə Everestin Tibet tərəfini xarici alpinistlər üçün bağlayıb. Rəsmi Pekin indiyədək Dorje Morupun cəsədinin çıxarılması ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, 1996-cı ilin mayında Hind-Tibet Sərhəd Polisinin altı əməkdaşı Everestə dırmanış edərkən zirvəyə yaxın ərazidə hava şəraiti qəfil pisləşib. Nəticədə Dorje Morup və daha iki alpinist güclü qar fırtınası və ekstremal hava şəraiti səbəbindən həyatını itirib.
Şəbnəm Mehdizadə