- 17:41
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib ki, El Ninonun yaxın aylarda güclənməsi dünyanın bir çox bölgəsində istilik dalğaları, quraqlıqlar, leysan yağışlar və digər ekstremal hava hadisələrinin başvermə ehtimalını artıracaq.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın qlobal mövsümi iqlim proqnozuna dair aylıq hesabatında qeyd olunur ki, tropik Sakit okeanda El Nino şəraiti artıq formalaşıb və qarşıdakı aylarda onun sürətlə güclənəcəyi gözlənilir. Hesabata əsasən, bu proses dünyanın müxtəlif bölgələrində ekstremal hava şəraitinin yaranma riskini yüksəldəcək.
Sənəddə bildirilir ki, 2026-cı ilin iyul-sentyabr aylarında güclü El Nino şəraitinin formalaşması istiqamətində sürətli inkişaf müşahidə olunur. Xüsusilə Mərkəzi və Şərqi ekvatorial Sakit okeanda okean sularının temperaturunun ardıcıl şəkildə artdığı vurğulanır.
ÜMT-nün proqnozuna görə, El Nino fenomeni Şimal yarımkürəsində payız mövsümündə daha da güclənəcək və onun təsirləri dünyanın geniş coğrafiyasına yayılacaq. Bundan əlavə, ekvatorial Atlantik hövzəsində də su temperaturunun orta göstəricilərdən yüksək qalacağı gözlənilir.
Hesabatda fikirlərinə yer verilən ÜMT-nün baş katibi Celeste Saulo bildirib ki, El Nino artıq başlayıb və yaxın aylarda güclü iqlim hadisəsinə çevriləcəyi gözlənilir. Onun sözlərinə görə, bu vəziyyət quraqlıq və intensiv yağıntılarla yanaşı, dünyanın bir çox bölgəsində quruda və dənizdə istilik dalğalarının yaranması riskini artıracaq.
Celeste Saulo əlavə edib ki, ÜMT hökumətləri, humanitar təşkilatları və iqlimə həssas sahələri dəstəkləmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı və regional tərəfdaşlarla koordinasiyalı fəaliyyətə başlayıb. O vurğulayıb ki, inkişaf etmiş mövsümi proqnozlar və erkən xəbərdarlıq sistemləri insan həyatının qorunması, eləcə də iqtisadiyyat və cəmiyyətlərə dəyən zərərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, El Nino Sakit okeanda müşahidə olunan təbii iqlim hadisəsidir və xüsusilə okean sahillərində yerləşən bölgələrdə, eləcə də qlobal miqyasda havanın temperaturunun yüksəlməsinə səbəb olur. Bunun əksi hesab edilən La Nina isə daha sərin hava şəraitinin formalaşması ilə xarakterizə olunur. El Nino və La Nina mərhələləri arasında isə neytral iqlim şəraiti müşahidə edilir.
Şəbnəm Mehdizadə