- 4 İyul 20:24
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti amerikalı həmkarını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.
Uşakov Putin və Tramp arasında telefon danışığının bir saat 25 dəqiqə davam etdiyini söyləyib.
Kreml rəsmisi onu da qeyd edib ki, Putinlə söhbəti zamanı Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllini axtarmağa hazır olduğunu təsdiqləyib.
Uşakovun sözlərinə görə Tramp ABŞ prezidentinin nümayəndələri Cared Kuşner və Stiven Uitkoffun Moskvaya gəlməyə hazır olduqlarını söyləyib.
Uşakov bildirib ki, Trampla telefon danışığı zamanı Putin cəbhə xəttindəki real vəziyyəti, Rusiya Silahlı Qüvvələrinin bütün təmas xətti boyunca irəlilədiyini açıqlayıb.
"Putin deyib ki, Moskva münaqişənin siyasi və diplomatik həllini daha üstün hesab edir, lakin Rusiyanın prinsipial yanaşmaları nəzərə alınmalıdır. Tramp Uitkoff və Kuşnerin Ukrayna məsələsində vasitəçilik səylərini davam etdirəcəklərini deyib. Tramp münaqişə bitdikdən sonra Rusiya və ABŞ arasında əməkdaşlıq üçün böyük perspektivlər olduğunu bildirib", - Uşakov deyib.
Uşakov Putin və Tramp arasında telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğunu, prezidentlərin yaxın gələcəkdə yenidən danışmaq barədə razılığa gəldiklərini də vurğulayıb.