Alimlər Yer üzündə son bitkilərin nə vaxt məhv olacağını hesablayıblar


  • 15:37

Yer kürəsindəki son bitkilərin nə vaxt məhv ola biləcəyi ilə bağlı yeni elmi araşdırmanın nəticələri açıqlanıb.

E-huquq.az xəbər verir ki, "Journal of Geophysical Research: Atmospheres" jurnalında dərc olunan tədqiqatda astrobioloq Jacob Haqq-Misra və iqlimşünas Eric Wolf növbəti 2 milyard il ərzində Yerin iqlimində baş verə biləcək dəyişiklikləri modelləşdiriblər.

Araşdırmaya görə, bu müddət ərzində Günəşin parlaqlığının təxminən 20 faiz artacağı gözlənilir. Nəticədə, ya həddindən artıq istiləşmə, ya da atmosferdə karbon qazının kəskin azalması Yer üzündə bitki həyatının sonunu gətirə bilər.

Alimlərin fikrincə, planetin ümumi biokütləsinin təxminən 80 faizini təşkil edən bitkilərin taleyi atmosferdəki karbon qazının səviyyəsi və qlobal temperaturun gələcək dəyişikliklərindən asılı olacaq.

Tədqiqat çərçivəsində Yerin təbii karbon dövranı ilə bağlı iki fərqli ssenari nəzərdən keçirilib. Birinci ssenaridə karbonun udulması yüksək səviyyədə qalır, nəticədə temperatur nisbətən sabit olsa da, atmosferdə karbon qazının miqdarı sürətlə azalır. Bu halda bitkilərin təxminən 1,84 milyard il sonra karbon qazı çatışmazlığı səbəbindən məhv olacağı proqnozlaşdırılır.

İkinci ssenaridə isə karbonun udulması zəifləyir və karbon qazının səviyyəsi sabit qalsa belə, Yer səthində orta temperaturun 65 dərəcə Selsiyə qədər yüksələcəyi ehtimal edilir. Bu şəraitdə quruda mövcud olan son bitkilərin təxminən 1,87 milyard il sonra yox olacağı bildirilir. Tədqiqatçılar qeyd edirlər ki, bu zaman okeanların buxarlanaraq yox olması ilə demək olar ki, üst-üstə düşür.

Müəlliflər vurğulayırlar ki, hesablamalar bitkilərin mövcud bioloji xüsusiyyətlərini qoruyacağı fərziyyəsinə əsaslanır. Bununla belə, gələcəkdə bitkilərin təkamülü və ya insanların inkişaf etdirə biləcəyi qabaqcıl texnologiyalar bu prosesi ləngidə bilər.

Mümkün ssenarilər arasında bitkilərin daha yüksək atmosfer qatlarına uyğunlaşması və ya Yerin süni geoinjinirinq üsulları ilə soyudulması da göstərilir.

Tədqiqatın nəticələrinə əsasən, hazırkı ekosistem üçün müəyyən edilən istilik hədləri və karbon qazı məhdudiyyətləri Yer üzündə həyatın uzunmüddətli davamlılığını tam istisna etmir. Alimlər hesab edirlər ki, planetdə həyat ən azı okeanların mövcud olacağı dövrə qədər davam edə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər