Zəlzələdən 32 saat sonra xilas edilən 12 yaşlı qız sağ qalmasının sirrini açıqladı


  • 15:46

Venesuelada baş verən güclü zəlzələlərdən sonra dağıntılar altından 32 saat sonra xilas edilən 12 yaşlı Fabiana Blanko sağ qalmasına kömək edən amillərdən danışıb.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o bildirib ki, xilasediciləri gözlədiyi müddətdə tapdığı ketçup və dilimlənmiş pendirlə qidalanaraq huşunu qoruyub.

İyunun 24-də baş verən iki güclü zəlzələdən ən çox zərər çəkən bölgələrdən biri olan La Guaira şəhərində yaşayan Blanko hadisə anını belə xatırlayıb: "Hər şey titrəyirdi, əşyalar yıxılır, divarlar çatlayırdı. Mənzilimizi qonşu qapıdan ayıran divar uçdu. O an düşündüm ki, burada öləcəyəm və heç kim məni xilas edə bilməyəcək".

Fabiananın sözlərinə görə, dağıntılar altında qaldığı vaxt yuxarı mərtəbədə yaşayan tibb bacısının səsini eşidib. Tibb işçisi ona sakit qalmağı və köməyin gələcəyini deyərək mənəvi dəstək verib.

Bir müddət sonra həmin tibb bacısı xilasedicilər tərəfindən dağıntılar altından çıxarılsa da, Fabiana hələ də içəridə qalıb. O bildirib ki, bu müddətdə əlləri ilə dağıntıları qazmağa çalışıb və təsadüfən bir şüşə ketçup və dilimlənmiş pendir tapıb.

"Bu vaxt bir şüşə ketçup və dilimlənmiş pendir tapdım. Bunlar məni huşumda saxladı", - deyə o bildirib.

Daha sonra axtarış-xilasetmə qruplarının onun adını səslədiyini eşidən Fabiana cavab verib. Xilasedicilər bir neçə saat davam edən əməliyyatdan sonra onu dağıntılar altından çıxarmağa müvəffəq olublar.

Blanko bildirib ki, xilas edildikdən sonra ailəsini görsə də, binanın tamamilə dağıldığını görəndə yaşadıqlarına inanmaqda çətinlik çəkib: "Dağıntılar altından çıxarılanda ailəmi gördüm. Binanın tamamilə çökdüyünü görəndə bunun real olduğuna inana bilmirdim. Elə bilirdim ki, bir televiziya serialındayam".

Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez ölənlərin sayının 3342-yə çatdığını, 16740 nəfərin yaralandığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər