Yeni dil öyrənmək beynin qocalmasını 13 ilədək gecikdirə bilər


  • 15:53

Yeni dil öyrənmək beynin qocalma prosesini əhəmiyyətli dərəcədə ləngidə bilər.

E-huquq.az xəbər verir ki, bu nəticə Barselonada keçirilən Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının (FENS) konqresində təqdim olunan yeni elmi araşdırmada açıqlanıb.

İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlərin birgə apardığı tədqiqat çərçivəsində çoxdilliliyin geniş yayıldığı Bask bölgəsində yaşayan 728 nəfərin beyin fəaliyyəti araşdırılıb. Süni intellekt texnologiyalarının tətbiq olunduğu analizlər göstərib ki, birdən çox dildə danışan insanların beyinləri yaşıdlarına nisbətən daha "gənc" xüsusiyyətlər nümayiş etdirir.

Araşdırmanın nəticələrinə görə, iki dildə danışan şəxslərin beyinləri orta hesabla birdillilərlə müqayisədə 6 il daha gənc hesab olunub. Bu göstərici üç dildə danışanlarda 7 ilə yüksəlib, dörd və ya daha çox dili bilən şəxslərdə isə beynin bioloji yaşının həmyaşıdlarından təxminən 13 il daha az olduğu müəyyən edilib.

Alimlər bildirirlər ki, yaş artdıqca beyin hüceyrələri arasındakı əlaqələr zəifləyir, bu isə yaddaşın zəifləməsi və düşünmə sürətinin azalması ilə nəticələnir. Dil öyrənmə prosesi isə sinir əlaqələrinin qorunmasına kömək edərək beynin idrak ehtiyatını artırır.

Tədqiqat müəlliflərindən Dr. Lucia Amoruso bildirib ki, əldə olunan nəticələr yalnız öyrənilən dillərin sayı ilə bağlı deyil. Onun sözlərinə görə, həmin dillərdə sərbəst danışmaq bacarığı və ikinci dilin erkən yaşlarda öyrənilməsinə başlanılması da beynin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Dr. Amoruso qeyd edib ki, məsələni sadəcə "ikidilli olmaq və ya olmamaq" kimi qiymətləndirmək düzgün deyil. O vurğulayıb ki, dil təcrübəsinin dərinliyi və davamlılığı beyin sağlamlığına təsir edən əsas amillərdəndir.

Araşdırmanı şərh edən Afina Milli və Kapodistrian Universitetinin nevroloqu professor Kristina Dalla məktəb dövründən başlayaraq həyat boyu dil təhsilinin təşviq edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, yeni dil öyrənmək istənilən yaşda beyin sağlamlığını qorumağın ən effektiv üsullarından biridir.

Bununla yanaşı, Loughborough Universitetinin Bioloji Psixologiya professoru Eef Hogervorst nəticələrin ehtiyatla qiymətləndirilməsinin vacibliyini bildirib. O qeyd edib ki, çoxdilli insanlar adətən müntəzəm mütaliə edir, ömürboyu öyrənməyə üstünlük verir və musiqi alətlərində ifa kimi digər zehni fəaliyyətlərlə də məşğul olurlar. Professorun sözlərinə görə, məhz bu amillər də beyin sağlamlığına müsbət təsir göstərərək araşdırmanın nəticələrinə təsir etmiş ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər