- 16:48
İtaliyanın Siciliya adasında yerləşən aktiv vulkan Etna dağında baş verən güclü kül püskürmələri hava nəqliyyatında ciddi fasilələrə səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 26-da Etna zirvəsində yerləşən “Voragine” kraterində yaranan çatdan sonra intensiv vulkan fəaliyyəti qeydə alınıb. Ardınca baş verən güclü kül püskürmələri bu gün də davam edir.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Etna Rəsədxanası bildirib ki, vulkanda adətən orta intensivlikdə, aralıqlı və ritmik püskürmələrlə xarakterizə olunan “stromboli fəaliyyəti” müşahidə olunur.
Qurumun açıqlamasında güclü kül püskürmələri səbəbindən hava məkanında “qırmızı” səviyyəli xəbərdarlıq elan edildiyi qeyd olunub. Bu qərar xüsusilə vulkan külü buludunun uçuşlar üçün ciddi təhlükə yaratması ilə əlaqələndirilib.
Kataniyadakı Vinçenzo Bellini (Fontanarossa) Beynəlxalq Hava Limanı tərəfindən verilən məlumata əsasən, Etna vulkanından yayılan kül buludu səbəbindən Kataniyaya gələn bütün uçuşlar müvəqqəti dayandırılıb. Kataniyadan həyata keçirilən uçuşların isə yerli vaxtla saat 14:00-a qədər təxirə salındığı bildirilib.
Hava limanı sərnişinlərə səfər etməzdən əvvəl uçuşlarının vəziyyətini aviaşirkətlərlə dəqiqləşdirmələri barədə xəbərdarlıq edib.
Eyni zamanda, vulkanın ətraf kənd və şəhərlərində də kül yağışının müşahidə olunduğu qeyd edilib. Bu, əhalinin gündəlik həyatında çətinliklər yaradıb.
Qeyd edək ki, Avropanın ən yüksək və ən aktiv vulkanlarından biri olan Etna son günlərdə xüsusilə “Voragine” kraterində artan püskürmə və lava axınları ilə diqqət çəkir.
Şəbnəm Mehdizadə