- 16:48
Taylandda aparılan arxeoloji qazıntılar zamanı təxminən 2000 illik tarixə malik olduğu ehtimal edilən iki qızıl üzük aşkar edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tayland İncəsənət Departamentinin açıqlamasına görə, tapıntılar ölkənin Petçaburi bölgəsində yerləşən “Don Yai Thong” arxeoloji sahəsində qazıntılar zamanı üzə çıxarılıb.
Rəsmi məlumatda qeyd olunub ki, üzükdən biri üzərində Brahmi əlifbasına bənzər qədim simvollar daşıyır. Digər üzüyün isə bəzəksiz olduğu və Hindistan cəmiyyətində tacir təbəqəsi kimi tanınan Vaişya kastasına mənsub bir şəxsə aid ola biləcəyi ehtimal edilir.
Banqkokdan təxminən 130 kilometr cənub-qərbdə yerləşən ərazidə aparılan tədqiqatlar, bölgədəki tarixi qatların 1500-2500 il əvvələ, yəni erkən tarixi dövrlərə aid olduğunu göstərib.
“Don Yai Thong” arxeoloji sahəsi bu ilin əvvəlində yerli sakinlərin düyü tarlasında qədim tunc baraban parçaları tapmasından sonra diqqət mərkəzinə düşüb və daha geniş qazıntılara başlanılıb.
Mütəxəssislər hesab edirlər ki, bu tapıntılar qədim dövrlərdə Tayland və Hindistan yarımadası arasında mədəni və ticarət əlaqələrinin mövcudluğuna dair yeni ipucları verə bilər.
Şəbnəm Mehdizadə