- 15:06
Fransanın cənub bölgələrində davam edən isti hava dalğası genişmiqyaslı meşə yanğınlarına səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə hektar ərazi yanıb, 12 mindən çox insan təhlükəsizlik məqsədilə təxliyə edilib, ölkənin 7 əyalətdə isə ən yüksək səviyyəli yanğın xəbərdarlığı qüvvəyə minib.
Fransa yayın ən ağır fövqəladə vəziyyətlərindən biri ilə üzləşib. Ölkənin cənub və cənub-şərq hissələrində rekord istilərlə müşayiət olunan quraqlıq şəraiti meşə yanğınlarının sürətlə yayılmasına səbəb olub. Yanğınsöndürən qüvvələr bir neçə gündür alovun qarşısını almaq üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir.
Ən ciddi vəziyyət Pireney-Oriental əyalətinin Trevillah ərazisində qeydə alınıb. Burada davam edən meşə yanğını səbəbindən 12 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb. Yanğın nəticəsində təxminən 4 900 hektar meşə və ərazi külə çevrilib.
Əraziyə 800-ə yaxın yanğınsöndürən, eləcə də çoxsaylı xüsusi texnika və hava vasitələri cəlb olunub. Lakin yerli hakimiyyət orqanları bildirir ki, yanğın hələ tam nəzarət altına alınmayıb.
Pireney-Oriental Yanğın və Xilasetmə Xidmətinin rəhbəri polkovnik Erik Belgioino bildirib ki, güclü külək və ağır hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir. Onun sözlərinə görə, mövcud şəraitdə alovu qısa müddətdə tam nəzarətə götürmək asan görünmür.
Fransanın meteorologiya xidməti Meteo-France yüksək temperatur və artan yanğın təhlükəsi səbəbindən ölkənin cənub-şərqində yeddi prefekturada qırmızı səviyyəli xəbərdarlıq elan edib. Bundan əlavə, 3 prefekturada yanğın riski “çox yüksək”, 61 prefekturada isə “yüksək” qiymətləndirilib.
İsti hava dalğası ilə bağlı da geniş xəbərdarlıq qüvvədədir. 61 prefekturada narıncı istilik xəbərdarlığı verilib. Ölkənin bir sıra bölgələrində temperaturun 35-38 dərəcə arasında olacağı, cənub-qərb ərazilərində isə 41 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır. Meteoroloqlar isti havanın həftəsonuna qədər davam edə biləcəyini bildirirlər.
Qırmızı xəbərdarlıq tətbiq edilən Pireney-Oriental və Herault bölgələrində yanğınlarla mübarizə davam edir. Trevillah ətrafında yerləşən 26 yaşayış məntəqəsindən 10 mindən çox insan təxliyə olunub. Hadisələr zamanı biri yanğınsöndürən olmaqla, beş nəfərin yüngül xəsarət aldığı bildirilib.
Elektrik paylayıcısı Enedis yanğınların bəzi ərazilərdə enerji təchizatına təsir etdiyini açıqlayıb. Nəqliyyat sahəsində də məhdudiyyətlər tətbiq olunub. Fransa Milli Dəmir Yolu Şirkəti (SNCF) təhlükəsizlik səbəbilə bəzi qatar reyslərinin, xüsusilə Pireney-Oriental bölgəsində dayandırıldığını bildirib.
Digər bölgələrdə də yanğınlarla bağlı fövqəladə tədbirlər görülür. Herault prefekturasında son sutka ərzində mindən çox yanğınsöndürən 30-dan artıq yanğına müdaxilə edib. Karlenkas-et-Levras ərazisində təxminən 250 hektar sahə zərər görüb.
Qard prefekturasının Ledenon şəhərində 540 hektarlıq ərazini əhatə edən yanğın söndürülüb, lakin yenidən alovlanma ehtimalına qarşı nəzarət tədbirləri davam etdirilir. Drom bölgəsinin Die şəhərində isə 2 iyulda başlayan yanğın güclü külək və mürəkkəb relyef səbəbindən yayılmaqda davam edib. Burada zərər görən ümumi sahənin təxminən 500 hektara çatdığı bildirilir.
Od prefekturasının Raissac-d'Aude ərazisində isə helikopterlərin və yanğınsöndürmə briqadalarının iştirakı ilə aparılan əməliyyat nəticəsində alov nəzarət altına alınıb.
Yerli medianın məlumatına görə, polis Rhone və Herault prefekturalarında yanğınların qəsdən törədilməsi ilə bağlı iki şübhəlini saxlayıb. Faktlarla bağlı araşdırma davam edir.
Fransa hökuməti vəziyyətlə əlaqədar bütün imkanların səfərbər edildiyini açıqlayıb. Baş nazir Sebastien Lekornu Milli Assambleyada çıxışı zamanı bildirib ki, cari yanğın mövsümündə ölkə üzrə artıq 14 500 hektardan çox ərazi yanıb. Bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çox olduğu qeyd edilib.
Şəbnəm Mehdizadə