- 17:29
Sudanın Şimali Kordofan əyalətinin paytaxtı Obeid şəhəri və ətrafında son iki həftə ərzində şiddətlənən silahlı toqquşmalar nəticəsində 5 500-dən çox uşaq məcburi köçkünə çevrilib.
E-huquq.az xəbər verir ki, bu barədə beynəlxalq humanitar təşkilat "Save the Children" məlumat yayıb.
Təşkilatın bəyanatında bildirilib ki, Obeid ətrafında intensivləşən döyüşlər yeni didərginlik dalğasına səbəb olub. Son iki həftə ərzində bölgədə 11 mindən çox insan yaşayış yerini tərk etməyə məcbur qalıb ki, onların da yarıdan çoxunu - 5 500-dən çoxunu uşaqlar təşkil edir.
Qeyd olunub ki, son vaxtlar artan pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar nəticəsində mülki şəxslər həlak olub, mülki infrastruktur ciddi ziyan görüb. Eyni zamanda, yanacaq və içməli su çatışmazlığı daha da dərinləşib.
Təşkilat bildirib ki, Obeiddə faktiki olaraq mühasirəyə bənzər vəziyyət yaranıb. Şəhərə giriş-çıxışı təmin edən əsas yolların bağlanması və ya sıradan çıxması humanitar yardımın çatdırılmasını çətinləşdirib, minlərlə insan isə əsas xidmətlərdən məhrum qalıb.
Təşkilatın məlumatına görə, yağış mövsümünün başlanması və Şimali Kordofan əyalətində 300-dən çox yoluxma halının qeydə alındığı vəba epidemiyası uşaqlar üçün riskləri daha da artırır. Ailələrin həddindən artıq sıx məskunlaşmış düşərgələrə köçürülməsi xəstəliyin yayılma ehtimalını yüksəldir.
Bəyanatda vurğulanıb ki, məcburi köçkün ailələr mənzil, təmiz su, səhiyyə və təhsil xidmətlərinə çıxışda ciddi çətinliklərlə üzləşirlər. Eyni zamanda, mövcud humanitar resurslar üzərində təzyiq getdikcə artır.
Şəbnəm Mehdizadə