Fransanın 72 əyalətində həddindən artıq isti ilə bağlı narıncı həyəcan siqnalı elan edilib


  • 15:51

Fransada davam edən həddindən artıq isti hava şəraiti səbəbindən ölkənin 72 əyalətində narıncı həyəcan siqnalı elan olunub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Meteorologiya Xidməti isti hava dalğasının həftəsonuna qədər davam edəcəyini bildirib.

Proqnozlara əsasən, bəzi bölgələrdə günorta saatlarında havanın temperaturu 41 dərəcəyədək yüksələcək.

Yüksək temperatur ölkənin cənub bölgələrində günlərdir davam edən meşə yanğınlarının daha da genişlənməsinə səbəb olub.

Fransanın daxili işlər naziri Loran Nunez prefektlərə könüllü yanğınsöndürənlərin yanğınların söndürülməsi əməliyyatlarına operativ şəkildə cəlb olunmasını asanlaşdırmaq barədə göstəriş verib.

Nazir sosial media hesabında Drom, Pireney-Orientales, Herault və Loire-et-Cher daxil olmaqla bir sıra əyalətlərin meşə yanğınlarından zərər gördüyünü bildirib.

Onun sözlərinə görə, son sutka ərzində ölkə üzrə 325-dən çox yanğın ocağı qeydə alınıb və yanğınların qarşısının alınması məqsədilə yanğınsöndürmə qüvvələri tam səfərbər edilib.

Loran Nunez həmçinin qubernatorlara könüllü yanğınsöndürənlərin iş saatları ərzində xidmətə cəlb olunmasına şərait yaradılması üçün şirkətlərlə əməkdaşlıq etməyi tapşırdığını bildirib və bu istiqamətdə dəstək göstərən işəgötürənlərə təşəkkür edib.

Fransa mediasının məlumatına görə, ölkənin milli dəmir yolu operatoru SNCF yüksək temperaturun yaratdığı risklər səbəbindən şəhərlərarası qatar reyslərinin təxminən dörddə birini ləğv edib.

Fransanın enerji şirkəti EDF isə isti hava səbəbindən Qolfeç Atom Elektrik Stansiyasındakı reaktorlardan birinin fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə ümumilikdə 256 minə yaxın yanğınsöndürən fəaliyyət göstərir. Onların 17 faizi peşəkar, 5 faizi keçmiş hərbçi, 78 faizi isə müxtəlif sahələrdə çalışan könüllü yanğınsöndürənlərdən ibarətdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər