- 17:17
Türkiyənin İzmir şəhərində zibil konteynerinə səhvən atılan içərisində 400 min türk lirəsi olan çanta aparılan axtarışlardan sonra tapılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zərgər işləyən Mehmet Güneş dostundan qızıl almaq məqsədilə müvəqqəti saxlaması üçün aldığı 400 min lirəni çantaya qoyaraq evdə saxlayıb. Çantanın içində pul olduğunu bilməyən həyat yoldaşı isə onu məişət tullantıları ilə birlikdə zibil konteynerinin yanına qoyub.
Növbəti gün dostu pulu götürməyə gələndə hadisədən xəbər tutan Mehmet Güneş bələdiyyəyə müraciət edərək kömək istəyib. O, ailə üzvləri və bələdiyyə əməkdaşları ilə birlikdə tullantı toplama mərkəzində təxminən 15 ton zibil arasında axtarış aparsa da, nəticə əldə olunmayıb.
Daha sonra məhəllədə yerləşən təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilib. Qeydlərdən məlum olub ki, təmizlik işçiləri dolu konteyneri boşaltdıqdan sonra çantanı konteynerin yanında saxlayıblar. Bunun ardından Mehmet Güneş həmin konteynerə qayıdaraq çantanı zibilin arasında tapıb.
Hadisə ilə bağlı danışan Mehmet Güneş bildirib ki, pul dostunun ona etibar etdiyi vəsait idi. Onun sözlərinə görə, həyat yoldaşı çantanın içində pul olduğunu bilmədiyi üçün onu zibil hesab edərək atıb.
Mehmet Güneş axtarış prosesində dəstək göstərən bələdiyyə əməkdaşlarına təşəkkür edib və 15 ton tullantı arasında aparılan axtarışın olduqca çətin olduğunu vurğulayıb. O, nəticədə pulun tam şəkildə tapılmasının böyük sevinc yaratdığını bildirib.
Şəbnəm Mehdizadə