Yunanıstanda "F-16" qırıcı təyyarəsi uçuş zamanı yanıb


  • 16:54

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "F-16C Fighting Falcon" tipli qırıcı təyyarə havaya qalxdıqdan qısa müddət sonra alovlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Araxos Hava Bazasından havaya qalxan təyyarənin Zakintos Beynəlxalq Hava Limanına yönləndirilməsi ilə başa çatıb. Təcili enişdən sonra təyyarənin alt hissəsindən tüstü qalxdığı müşahidə olunub.

Hava limanının yanğınsöndürmə briqadaları hadisəyə operativ müdaxilə edərək alovu qısa müddətdə nəzarət altına alıblar.

Məlumata görə, pilot hadisə zamanı xəsarət almayıb və onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Yunanıstan mətbuatının yaydığı ilkin məlumata əsasən, insidentin eniş şassisində yaranmış texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir.

Səlahiyyətli qurumlar təyyarəyə dəyən ziyanın həcmini və hadisənin dəqiq səbəbini müəyyənləşdirmək məqsədilə araşdırmalara başlayıblar.

Bildirilib ki, qırıcı təyyarə Yunanıstan Hərbi Hava Qüvvələrinin 116-cı Döyüş Qanadının tərkibinə daxildir və Araxos Hava Bazasında dislokasiya olunur.

Hadisə ilə əlaqədar Zakintos Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb, planlaşdırılan bəzi kommersiya reysləri isə alternativ hava limanlarına yönləndirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər