- 12:28
Çinin cənubunda güclü tayfun və daşqınların yaratdığı fəsadlar nəticəsində ilan yetişdirmə fermasından təxminən 900 ilan qaçıb.
E-huquq.az xəbər verir ki, "Global Times" qəzetinin məlumatına görə, Quançjou əyalətində baş verən güclü yağışlar və daşqınlar nəticəsində Liulan bəndi dağılıb. Daşqın suları yaxınlıqdakı ilan yetişdirmə fermasının istinad divarlarını və qoruyucu çəpərlərini uçurub, nəticədə fermada saxlanılan yüzlərlə ilan ətrafa yayılıb.
Məlumata görə, qaçan ilanlar arasında zəhərli kobralar da var. Bu səbəbdən Dengvey kəndində fövqəladə vəziyyət elan edilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə ilanın su basmış küçələrdə hərəkət etdiyi, bəzilərinin isə yaşayış evlərinə daxil olmağa çalışdığı əks olunub. Bel səviyyəsinə qədər su altında qalan kənd sakinlərinin bambuk çubuqlarından istifadə edərək ilanlardan qorunmağa çalışdığı bildirilir.
Hadisədən sonra əraziyə axtarış-xilasetmə və fövqəladə hallar qrupları cəlb edilib. Quançjou Fövqəladə Halların İdarə Edilməsi Bürosunun məlumatına əsasən, xüsusi qoruyucu geyimlə təchiz olunmuş qruplar həm qaçan ilanların tutulması, həm də daşqından zərər çəkən sakinlərin təxliyəsi istiqamətində əməliyyatlar həyata keçirirlər.
Səlahiyyətlilər bölgədə ilan zəhərinə qarşı antidot ehtiyatının artırıldığını, yerli xəstəxanalarda isə mümkün kobra sancmaları ilə bağlı operativ tibbi xidmət mexanizminin yaradıldığını açıqlayıblar.
İlkin məlumata görə, hadisə nəticəsində bir kənd sakini ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Çinin cənubunda təsirini göstərən Maysak tayfununun yaratdığı güclü daşqınlar nəticəsində indiyədək 39 nəfərin həyatını itirdiyi bildirilir.
Şəbnəm Mehdizadə