- 17:03
Fransada ilin əvvəlindən bəri davam edən isti hava dalğası nəticəsində 8 mindən çox meşə yanğını qeydə alınıb.
E-huquq.az-ın məlumatına görə, Fransanın Mülki Təhlükəsizlik və Böhranların İdarə Edilməsi üzrə baş direktoru Julien Marion bildirib ki, ilkin məlumatlara əsasən, ilin əvvəlindən ölkə üzrə 25 min hektardan çox ərazi yanıb.
Marionun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Son həftələrdə ardıcıl isti hava dalğaları ilə mübarizə aparan Fransa xüsusilə Pireney-Oriental və Drom departamentlərində genişmiqyaslı meşə yanğınları ilə üzləşib.
Şənbə axşamı Pireney-Oriental bölgəsində başlayan yanğın indiyədək 4 900 hektar ərazini məhv edib. Təxminən 12 min nəfər təhlükəsizlik məqsədilə təxliyə olunub.
Drom departamentinin Die şəhəri yaxınlığındakı dağlıq ərazidə 10 gündür davam edən yanğın isə 3 700 hektar sahəni külə çevirib. Hadisə ilə əlaqədar təxminən 400 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib.
İndre bölgəsində çərşənbə günündən davam edən yanğın nəticəsində isə 900 hektar ərazi yanıb.
Fransanın meteoroloji xidməti ölkənin böyük hissəsində meşə yanğınları riskinin "yüksək" və "çox yüksək" səviyyədə qaldığını açıqlayıb.
Şəbnəm Mehdizadə