- 17:03
İspaniya ilə Portuqaliya sərhədində yerləşən və "El Marco" adlanan körpü dünyanın ən qısa beynəlxalq körpüsü hesab olunur.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, adətən sərhədlər ciddi nəzarət, hasarlar və uzun keçid məntəqələri ilə yadda qalsa da, "El Marco" bu təsəvvürü dəyişdirən unikal məkanlardan biridir.
İspaniyanın La Codosera qəsəbəsini Portuqaliyanın Esperança kəndi ilə birləşdirən taxta körpü 2008-ci ildə Abrilongo çayı üzərində inşa edilib.
Uzunluğu cəmi 6 metr, eni isə 1,45 metr olan körpü yalnız piyadalar, velosipedçilər və motosikletçilər üçün nəzərdə tutulub.
"El Marco"nun ən maraqlı xüsusiyyətlərindən biri iki fərqli saat qurşağını birləşdirməsidir. İspaniya Mərkəzi Avropa vaxtından (CET), Portuqaliya isə Qrinviç orta vaxtından (GMT/WET) istifadə etdiyinə görə, körpünü keçən şəxslər bir anda saatlarını bir saat irəli və ya geri dəyişmiş olurlar.
Tarixən bu ərazi sərhədyanı ticarət və qaçaqmalçılıq fəaliyyəti ilə tanınıb. Yerli sakinlərin sözlərinə görə, portuqallar əsasən qəhvə və dəsmal, ispanlar isə şərab və mətbəx ləvazimatları ilə ticarət edirdilər.
Hazırda Şengen məkanının qaydaları çərçivəsində Avropa İttifaqı vətəndaşları və sərhəd keçidi hüququ olan şəxslər körpüdən sərbəst şəkildə istifadə edə bilirlər. Avropa İttifaqının maliyyə dəstəyi ilə yenilənən "El Marco" bu gün təkcə nəqliyyat vasitəsi deyil, həm də İspaniya ilə Portuqaliya arasında dostluğun və ortaq mədəni irsin rəmzi sayılan məşhur turistik məkanlardan biridir.
.jpg)
.jpg)
Şəbnəm Mehdizadə