ÜST: Sudan dünyanın ən böyük humanitar böhranı ilə üz-üzədir


  • 17:03

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudan üzrə xüsusi nümayəndəsi Şible Sahbani bildirib ki, Sudan hazırda dünyanın ən böyük humanitar böhranı ilə üz-üzədir və 33 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Sahbani bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində keçirilən həftəlik mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, davam edən humanitar yardım səylərinə, Sudan hökuməti və səhiyyə işçilərinin fədakar fəaliyyətinə baxmayaraq, ölkədə vəziyyət getdikcə daha da ağırlaşır.

Sahbani qeyd edib ki, yardım gözləyən 33 milyondan çox insandan 21 milyonu təcili səhiyyə xidmətlərinə ehtiyac duyur.

O bildirib ki, son dövrlərdə bəzi insanların geri qayıtmasına baxmayaraq, məcburi köçkünlərin sayı yüksək olaraq qalır. Hazırda təxminən 13,4 milyon nəfər ölkə daxilində məcburi köçkün vəziyyətindədir, 4,6 milyon nəfər isə qonşu ölkələrə sığınıb.

ÜST rəsmisi əlavə edib ki, Sudan eyni zamanda denge qızdırması, malyariya, qızılca, meningit, hepatit E və vəba kimi yoluxucu xəstəliklərin yayılması ilə mübarizə aparır.

Onun sözlərinə görə, əvvəlki epidemiya başa çatdıqdan cəmi iki ay sonra Qərbi Kordofan ştatında vəba yenidən yayılmağa başlayıb və iyunun 27-də yeni epidemiya elan edilib.

Sahbani bildirib ki, xəstəlik daha sonra Şimali Kordofan, Mərkəzi Darfur və Cənubi Darfur ştatlarına yayılıb. İndiyədək 1330-dan çox yoluxma halı və 114 ölüm qeydə alınıb. Bu isə təxminən 13,7 faiz ölüm göstəricisi deməkdir və ÜST-ün qəbul etdiyi 1 faizdən aşağı həddi xeyli üstələyir.

O vurğulayıb ki, yağış mövsümünün başlaması ilə daşqınlar və çirklənmiş su mənbələri vəba kimi su vasitəsilə yayılan xəstəliklərin daha da genişlənməsi riskini artırır.

Sahbaninin sözlərinə görə, ÜST nəzarətin gücləndirilməsi, xəstələrin müalicəsi, infeksiyanın qarşısının alınması, əhalinin maarifləndirilməsi və tibbi ləvazimatların çatdırılması istiqamətində Sudan hökuməti ilə əməkdaşlığı davam etdirir. Təşkilat həmçinin ölkədə vəba ilə mübarizəni dəstəkləmək məqsədilə əvvəlcədən 64 metrik ton həcmində tibbi vəsait yerləşdirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər