Almaniyada uşaqlar üçün sosial media ilə bağlı yeni məhdudiyyətlər təklif olunur


  • 16:50

Almaniyada uşaqların sosial mediadan qorunmasına dair hazırlanmış ekspert hesabatı sosial şəbəkələrin azyaşlılar və yeniyetmələr üzərindəki mənfi təsirlərini yenidən gündəmə gətirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda uşaqların və yeniyetmələrin sosial media istifadəsi ilə bağlı qanunvericilikdə yaşa uyğun qoruyucu tədbirlərin müəyyənləşdirilməsi təklif olunub. Ekspertlər bununla bağlı iki fərqli variant irəli sürüblər.

Birinci varianta əsasən, sosial media platformalarından istifadə üçün minimum yaş həddinin 13 yaş müəyyən edilməsi tövsiyə olunur. Sənəddə qeyd edilir ki, 13 yaşdan kiçik uşaqlara yalnız təhlükəsizliyi sübut edilmiş və aşağı risk daşıyan rəqəmsal xidmətlərdən istifadə etməyə icazə verilməlidir. Eyni zamanda, 13-18 yaş arası yeniyetmələr üçün mərhələli qorunma tədbirlərinin tətbiqi təklif edilir.

İkinci variantda isə yaş məhdudiyyəti əvəzinə Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktına (DSA) dəyişiklik edilərək, müəyyən xidmət və funksiyaların xüsusi risk yaratdığı hallarda onların konkret yaş qrupları üçün məhdudlaşdırılmasını məcburi edən hüquqi mexanizmin yaradılması irəli sürülür.

Hesabatda məktəblərlə bağlı da bir sıra təkliflər yer alıb. Belə ki, 7-ci sinfə qədər şagirdlərin dərs və tənəffüs zamanı mobil telefonlardan şəxsi məqsədlərlə istifadə etməsinin qadağan olunması, 8-ci sinifdən etibarən isə məktəblərin şagirdlərlə birlikdə mobil cihazlardan istifadəni tənzimləyən məcburi qaydalar hazırlaması təklif edilir.

Ekspertlər vurğulayırlar ki, uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə qorunmasına görə sosial media platformaları, valideynlər, məktəblər və dövlət daha böyük məsuliyyət daşımalıdır.

Sənəddə həmçinin bildirilir ki, rəqəmsal mediadan həddindən artıq istifadə uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərir. Uzun müddət ekran qarşısında qalmaq və fiziki hərəkətsizlik yuxu rejimi, diqqətin cəmlənməsi, görmə qabiliyyəti və bədən çəkisi kimi göstəricilərə mənfi təsir edir.

Bundan əlavə, Almaniyada aparılan başqa bir araşdırma ölkədə media asılılığının yüksək səviyyədə olduğunu üzə çıxarıb. Araşdırmaya əsasən, 10-17 yaş arasında olan uşaq və yeniyetmələrin 25 faizində media istifadəsi problemli xarakter daşıyır, bu yaş qrupunun 4,7 faizi isə media asılılığından əziyyət çəkir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər