Banqladeşdə musson yağışlarında 51 nəfər ölüb


  • 16:57

Banqladeşdə davam edən güclü musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən bir həftə əvvəl başlayan və son günlər daha da şiddətlənən leysan yağışları ölkənin bir sıra bölgələrində daşqın və torpaq sürüşmələrinə yol açıb. Təbii fəlakət səbəbindən yüksək riskli ərazilərdə yaşayan minlərlə sakin təxliyə edilib, bəzi bölgələrdə isə imtahanlar təxirə salınıb.

Rəsmi məlumatlara görə, Çittaqonq, Koks Bazar, Xaqraçhari, Moulvibazar və Habiqanc da daxil olmaqla 7 bölgədə vəziyyət ağır olaraq qalır. Ölənlərin sayının artdığı bölgələrdə minlərlə insan hökumətin təşkil etdiyi müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 51 nəfər ölüb, bir milyondan çox insan isə müxtəlif formada zərər çəkib.

Paytaxt Dəkkə də daxil olmaqla, ölkənin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələri nəticəsində minlərlə insan evsiz qalıb. Bildirilir ki, ölənlərin 28-i Rohinca müsəlman qaçqınlarının məskunlaşdığı Koks Bazar bölgəsində qeydə alınıb.

Qeyd edək ki, çoxsaylı çayların yerləşdiyi Banqladeşdə musson mövsümündə güclü yağışlar və daşqınlar mütəmadi olaraq baş verir. Mütəxəssislər iqlim dəyişikliyinin təsiri ilə bu cür yağıntıların daha intensiv və daha tez-tez müşahidə olunduğunu bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər