- 13:26
Almaniyada təxminən 6 min vətəndaş ilin ilk yarısında hərbi xidmətdən imtina etmək üçün müraciət edib.
E-huquq.az xəbər verir ki, bu barədə “RND” redaksiya şəbəkəsi Ailə Məsələləri və Vətəndaş Cəmiyyəti üzrə Federal İdarəyə istinadən məlumat yayıb.
Bildirilib ki, göstərici 2025-ci ilin bütün dövrü ilə müqayisədə 50 faiz çoxdur.
30 iyun tarixinə olan məlumata görə, idarəyə hərbi xidmətdən imtina ilə bağlı təxminən 5,9 min müraciət daxil olub. 2025-ci ilin bütün dövrü ərzində isə belə müraciətlərin sayı 3,9 mindən az olub.
Bundan əlavə, məcburi hərbi çağırışın qüvvədə olduğu 2011-ci ildə hərbi xidmətdən imtina edənlərin sayı 4,3 min nəfər təşkil edib.
“RND” bu tendensiyanın səbəbi kimi təhlükəsizlik sahəsində gərgin vəziyyəti və Almaniyada 2026-cı il yanvarın 1-dən qüvvəyə minən hərbi çağırış modelindəki dəyişiklikləri göstərir.
Bundesver sıralarına qəbul hələlik könüllülük əsasında həyata keçirilir, lakin şəxsi heyət çatışmazlığı yaranacağı təqdirdə hökumət “tələbat üzrə çağırış” adlanan sistemi tətbiq edə bilər. Bu halda hərbi xidmətə cəlb olunacaq şəxslər püşkatma yolu ilə və ya digər mexanizmlərdən istifadə edilməklə seçiləcək.
Humay Eminqızı