- 12:35
Almaniyanın Münhen şəhərində uzun sürən quraqlıq və artan su istehlakı səbəbindən şəxsi hovuzların doldurulması, yaşıllıqların suvarılması, avtomobillərin evlərdə yuyulması, terrasların, damların, həyətlərin və yolların su ilə təmizlənməsi qadağan edilib.
E-huquq.az xəbər verir ki, Münhen Bələdiyyəsinin açıqlamasına görə, şəhərdə gündəlik su istehlakı yenidən 360 milyon litrdən çox olub. Normal dövrlərdə isə orta istehlak təxminən 300 milyon litr təşkil edir.
Buna görə də, məcburi qənaət tədbirləri qüvvəyə minir.
Ev və bağların saat 09:00 ilə 19:00 arasında suvarılmasına icazə verilməyəcək. Suyun qənaətlə istifadəsinə imkan verən damcı suvarma sistemləri bu məhdudiyyətdən istisna ediləcək. Bu məqsədlərlə göllərdən, çaylardan və kanallardan su götürülməsi də qadağan olunacaq.
Münhen meri Dominik Krause şəhər sakinlərini suya qənaət tədbirlərinə riayət etməyə çağıraraq, quraq keçən qış və yaz fəsillərindən sonra su ehtiyatlarının ciddi gərginlik altında olduğunu qeyd edib.
Məhdudiyyətlərin 1 avqust 2026-cı il tarixinədək qüvvədə qalacağı və quraqlıq davam edəcəyi təqdirdə müddətin uzadıla biləcəyi açıqlanıb.
Qadağaları pozanlara qarşı 50 000 avroyadək cərimə tətbiq edilə bilər.
Humay Eminqızı