- 13:08
Yaponiyanın şimal-şərqində yerləşən Şizukuişi qəsəbəsində son iki həftə ərzində qeydə alınan 14 oğurluq hadisəsinin eyni ayı tərəfindən törədildiyi ehtimal edilir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəsəbə sakini, 87 yaşlı Mitsuo Matsubara axşam saatlarında mətbəxdən gələn səsləri yoxlamaq üçün otağa daxil olarkən soyuducunu açaraq ərzaqları ətrafa səpələyən iri Asiya qara ayısı ilə üz-üzə gəlib. Onun həyat yoldaşı dərhal polisə məlumat verib. Bundan sonra qəsəbədə baş verən müəmmalı oğurluq hadisələri ilə bağlı araşdırmalar genişləndirilib.
Qısa müddət ərzində qəsəbənin 5 müxtəlif ərazisində oxşar hadisələrin baş verməsi sakinlər arasında ciddi narahatlıq yaradıb.
Səlahiyyətli qurumlar oğurluğa məruz qalan ev və mağazaların oxşar xüsusiyyətlərini nəzərə alaraq bütün hadisələrin eyni ayı tərəfindən törədildiyini ehtimal edir.
Müşahidələrə görə, ayının xüsusilə şəkərli qidalara marağı var. O, bir şirniyyat mağazasına girərək vitrinlərdəki kökələri aparıb. Başqa bir evi isə 5 dəfə ziyarət edərək peçenye, konfet və ənənəvi şirniyyatları talayıb.
Ayı fermalardan birində iri buynuzlu heyvanlar üçün nəzərdə tutulmuş yemləri də yeyib. Gecə saatlarında isə ferma evinin qapısını açmağa çalışarkən aşkar edilib.
Hadisələrdən sonra qəsəbədə ayının tutulması üçün genişmiqyaslı axtarış tədbirlərinə başlanılıb. Mütəxəssislər bildirirlər ki, vəhşi ayının eyni ərazilərə bu qədər tez-tez qayıtması olduqca qeyri-adi haldır.
Təbiətin mühafizəsi üzrə məsul qurumlar riskli ərazilərdə qəfəs tələləri quraşdırıb, elektrik çəpərləri çəkib. Patrul qrupları isə sakinləri ehtiyatlı olmağa çağırır.
Şəbnəm Mehdizadə