İngiltərədə 16-17 yaşlı yeniyetmələrin gecə saatlarında sosial mediadan istifadəsi məhdudlaşdırılacaq


  • 17:57

İngiltərə hökuməti 16 və 17 yaşlı yeniyetmələrin yuxu keyfiyyətini və diqqətini artırmaq məqsədilə gecə saatlarında sosial media istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun layihəsinə əsasən, "Instagram", "TikTok" və "YouTube" kimi populyar platformalar gecə saat 00:00-dan səhər saat 06:00-dək 16 və 17 yaşlı istifadəçilər üçün avtomatik olaraq əlçatmaz olacaq.

Bununla yanaşı, yeniyetmələrin sosial şəbəkələrdə uzun müddət vaxt keçirməsinə səbəb olan "avtomatik oynatma" və"sonsuz sürüşdürmə" (infinite scroll) kimi asılılıq yaradan funksiyaların da standart olaraq deaktiv edilməsi nəzərdə tutulur. Bununla belə, istifadəçilər hesab ayarlarını dəyişməklə bu məhdudiyyətləri deaktiv edə biləcəklər.

Qeyd olunan məqam isə uşaq təhlükəsizliyi üzrə müdafiəçilər və müxalifət nümayəndələri tərəfindən tənqid olunub. Onların fikrincə, yeniyetmələrin məhdudiyyəti asanlıqla aradan qaldıra bilməsi tədbirin effektivliyini azaldır və real nəticə verməyəcək.

Hökumət rəsmiləri isə bildirirlər ki, gecə məhdudiyyəti asılılıq yaradan alqoritmlərə qarşı nəzərdə tutulan digər tədbirlərlə birlikdə tətbiq edilərsə, İngiltərə texnologiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi sahəsində dünyanın ən sərt mövqeyə malik ölkələrindən birinə çevriləcək.

Mütəxəssislər arasında da məsələ ilə bağlı fərqli mövqelər mövcuddur. Bəzi rəqəmsal hüquqlar üzrə ekspertlər hesab edirlər ki, gecə saatlarında tətbiq olunacaq məhdudiyyət psixoloji və ya digər dəstəyə ehtiyacı olan yeniyetmələrin etibarlı onlayn resurslara çıxışını çətinləşdirə bilər.

Texnologiya analitikləri isə istifadəçilərin bu məhdudiyyətləri virtual özəl şəbəkələrdən (VPN) istifadə etməklə keçə biləcəyini vurğulayırlar. Hökumət isə hazırda internet təhlükəsizliyi və məxfilik prinsiplərini əsas gətirərək VPN istifadəsinə hər hansı məhdudiyyət tətbiq etməyi planlaşdırmadığını açıqlayıb.

Məlumata görə, süni intellekt əsaslı çat-botlardan təhlükəsiz istifadə ilə bağlı əlavə tədbirləri də özündə əks etdirən qanun layihəsinin 2026-cı ilin sonunadək parlamentə təqdim edilməsi nəzərdə tutulur.

Hökumət sözügedən məhdudiyyətlərin gələn ilin yazında qüvvəyə minməsi planlaşdırılan 16 yaşdan aşağı istifadəçilər üçün sosial media qadağaları ilə eyni vaxtda tətbiq olunmasını hədəfləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər