- 00:03
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şanxayda Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqlar aparıb.
E-huquq.az xəbər verir ki, söhbət zamanı Kasım-Jomart Tokayev Si Cinpini Çin Kommunist Partiyasının yaradılmasının 105 illiyi münasibətilə təbrik edib və Astananın Pekin ilə əbədi strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsində daim maraqlı olduğunu vurğulayıb.
Dövlət başçısı ÇXR-nin beynəlxalq aləmdəki yüksək nüfuzunu qeyd edib və Çin rəhbərliyinin nəcib təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
Tərəflər ticari-iqtisadi əməkdaşlığa xüsusi diqqət yetiriblər. Qeyd edilib ki, Çin Qazaxıstanın ən böyük ticarət tərəfdaşı statusunu möhkəm qoruyub saxlayır və ötən il ikitərəfli ticarət dövriyyəsi 49 milyard dollara çatıb. Bu günə qədər ÇXR Qazaxıstan iqtisadiyyatına 30 milyard dollar sərmayə qoyub, respublikada isə 8500-dən çox Çin şirkəti uğurla fəaliyyət göstərir. Sənaye, energetika, qaz kimyası, maşınqayırma və kənd təsərrüfatı sahələrində böyük birgə layihələr həyata keçirilir.