- 08:12
Türkiyənin İzmir şəhərinin Seferihisar və Menderes rayonlarında keçirilən əməliyyatlar zamanı ümumilikdə 89 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Komandanlığının yaydığı məlumata görə, Seferihisar rayonunun Akvaryum körfəzi ərazisində Sahil Mühafizəsi və jandarma qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində, aralarında bir uşağın da olduğu 61 qeyri-qanuni miqrant müəyyən edilərək saxlanılıb.
Əməliyyat çərçivəsində miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər də hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Digər əməliyyat isə Menderes rayonunda həyata keçirilib. Sahil Mühafizəsi əməkdaşları hərəkətdə olan şişmə qayığı saxlayaraq, onun göyərtəsində olan 28 qeyri-qanuni miqrantı təhlükəsiz şəkildə sahilə çıxarıb.
Saxlanılan şəxslər müvafiq tədbirlərin görülməsi üçün vilayət miqrasiya idarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə