- 16:55
Fransada baş verən şiddətli fırtına yaşayış evlərinə və nəqliyyat infrastrukturuna ciddi ziyan vurub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Fransanın müxtəlif bölgələrini əhatə edən güclü fırtına bir sıra ərazilərdə elektrik kəsintilərinə və maddi ziyana səbəb olub.
Elektrik paylayıcısı "Enedis"in açıqlamasına əsasən, fırtına nəticəsində 53 min abonent elektrik təchizatından məhrum olub.
Ən çox zərər çəkən bölgələr arasında Overn-Ron-Alp və Yeni Akvitaniya yer alır.
Overn-Ron-Alp bölgəsinin Obena şəhərində yüzlərlə avtomobilə ziyan dəyib, yaşayış evlərinin damları və pəncərələri dağılıb.
Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb, təxminən 100 sakin isə təhlükəsizlik məqsədilə evlərindən təxliyə olunaraq müvəqqəti sığınacaqlara yerləşdirilib.
Luara departamentinin Sent-Etyen şəhərində güclü külək iki yük maşınının aşmasına səbəb olub. Hadisə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Eyni zamanda, bölgədə fəaliyyət göstərən yanğınsöndürmə xidmətləri əlverişsiz hava şəraiti ilə əlaqədar 600-dən çox çağırışa müdaxilə edib.
İzer departamentinin Sent-Kventin-Fallavye şəhərində isə güclü külək ağacları kökündən çıxarıb, elektrik dirəklərini aşırıb və bir sıra yaşayış evlərinin damlarını uçurub.
Şəbnəm Mehdizadə