- 16:55
ABŞ-nin Nyu-Cersi ştatında yaşayış evinə düşən meteorit üzərində aparılan tədqiqatlar alimlər üçün mühüm elmi nəticələr ortaya qoyub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı nümunədə bu tip meteoritlərdə əvvəllər qeydə alınmayan kimyəvi proseslərin izləri aşkar edilib.
Hadisə zamanı ev sahibi güclü partlayış səsinə oyandığını və yataq otağının tavanında dəlik yarandığını bildirib.
"Güclü kükürd qoxusu hiss etdim. Çarpayının, xalçanın və otağın müxtəlif hissələrinin qara toz, xırda qaya parçaları və qalıqlarla örtüldüyünü gördüm", - deyə o bildirib.
Ev sahibi meteorit parçalarını birdəfəlik əlcəklərdən və alüminium folqadan istifadə etməklə şüşə qablarda toplayaraq onların çirklənməsinin qarşısını alıb.
Mütəxəssislərin fikrincə, bu operativ addım nümunələrin yüksək keyfiyyətdə qorunmasına imkan verib.
SETI İnstitutu və NASA-nın Ames Tədqiqat Mərkəzinin əməkdaşı, meteor mütəxəssisi Piter Cenniskensin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, meteorit nadir rast gəlinən CM1/2 tipli karbonlu xondrit sinfinə aiddir. Araşdırmalar meteoritin ibtidai asteroidin səthinə yaxın hissələrində duzlu mayelərin təsiri altında formalaşdığını göstərib.
Alimlər bildirirlər ki, bu cür kimyəvi dəyişikliklər indiyədək həmin asteroid sinfində müşahidə olunmayıb.
Tədqiqat zamanı meteoritdə müxtəlif həll olunan üzvi birləşmələr, amin turşuları, karbon və azot tərkibli maddələr, həmçinin həyatın yaranması üçün mühüm hesab edilən maqnezium-üzvi və digər prebiotik molekullar aşkar edilib.
Mütəxəssislərin fikrincə, bu tapıntılar erkən Günəş sistemində suyun, duzlu mayelərin və asteroidlərdə baş verən kimyəvi proseslərin üzvi maddələrin yaranmasındakı rolunu daha yaxşı anlamağa imkan verir. Alimlər hesab edirlər ki, CM tipli asteroidlər amin turşuları və digər prebiotik molekulları erkən Yerə daşıyaraq həyatın formalaşmasına töhfə vermiş ola bilər.
Araşdırmaya əsasən, meteorit Asteroid qurşağının daxili hissəsindən gəlib. Onun uçuş trayektoriyası Amerika Meteor Cəmiyyəti və müxtəlif müşahidə kameraları, o cümlədən yaşayış evinin qapı zəngi kamerası vasitəsilə qeydə alınıb. Meteorit atmosferə təxminən 51,5 min km/saat sürətlə daxil olub və təxminən 35 kilometr yüksəklikdə parçalanıb.
Mütəxəssislər bildirirlər ki, bu, 2020-ci ildə Kanqaq (Kolang) meteoritindən sonra müşahidə olunan ikinci CM1/2 tipli meteorit düşməsidir. Toplanmış fraqmentlərin bir hissəsinin Nyu-Yorkdakı Amerika Təbiət Tarixi Muzeyində qorunacağı açıqlanıb.
Şəbnəm Mehdizadə