Konqonun yağış meşələrində yeni meymun növü aşkar edilib


  • 16:20

Konqo Demokratik Respublikasındakı Lomami Milli Parkında aparılan elmi tədqiqatlar nəticəsində elmə indiyədək məlum olmayan yeni meymun növü müəyyən edilib.

E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, çəhrayı-narıncı dodaqları, fərqli görünüşü və gurultulu səsləri ilə seçilən növ primatların təkamülü və Afrikanın biomüxtəlifliyinin öyrənilməsi baxımından mühüm kəşf hesab olunur.

"PLoS ONE" jurnalında dərc olunan araşdırmaya görə, meymun ilk dəfə 2008-ci ildə Lomami Milli Parkının ətrafında yaşayan yerli icmalar tərəfindən müşahidə edilib. Yağış meşələrinin hündür ağaclarında yaşayan primat uzun illər alimlərin diqqətini cəlb etsə də, aparılan morfoloji və müqayisəli analizlər onun əvvəllər təsvir olunmamış yeni növ olduğunu təsdiqləyib.

Tədqiqatçılar yeni növə Konqo Demokratik Respublikasının təbii irsini vurğulamaq məqsədilə "Colobus congoensis" adını veriblər.

Araşdırmada bildirilir ki, bu, son 75 ildə Afrikada təsvir edilən beşinci yeni meymun növüdür. Alimlərin fikrincə, kəşf qitənin zəngin biomüxtəlifliyinin hələ də tam öyrənilmədiyini göstərir.

Təxminən 7 kiloqram çəkisi olan "Colobus congoensis" qara rəngli xəz örtüyü, çəhrayı-narıncı dodaqları və gözlərini əhatə edən boz rəngli nahiyəsi ilə digər kolobus meymunlarından fərqlənir.

Alimlərin sözlərinə görə, növün ən diqqətçəkən xüsusiyyətlərindən biri də çıxardığı səslərdir. "Colobus congoensis" digər kolobus növlərindən fərqli olaraq gurultulu, nəriltini xatırladan səslər çıxarır və bu akustik xüsusiyyət onun müəyyən edilməsində əsas göstəricilərdən biri olub.

Mütəxəssislər hesab edirlər ki, yeni növün aşkar edilməsi təkcə primatlar üzrə elmi tədqiqatlar üçün deyil, həm də Konqo Demokratik Respublikasının unikal tropik meşələrinin qorunmasının vacibliyini bir daha ortaya qoyur.

Tədqiqatçılar bölgədə biomüxtəlifliyin tam öyrənilmədiyini bildirərək, oxşar araşdırmaların davam etdirilməsinin həm yeni növlərin müəyyən edilməsi, həm də nadir ekosistemlərin mühafizəsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər