Belçikada isti hava dalğası nəticəsində ölənlərin sayı 2 mini ötüb


  • 17:28

Belçikada iyunun sonu və iyulun əvvəlində təsirli olan isti hava dalğası nəticəsində ölüm hallarının adi dövrlə müqayisədə 2 mindən çox artdığı açıqlanıb.

E-huquq.az xəbər verir ki, Belçikanın Səhiyyə İnstitutu "Sciensano" tərəfindən yayımlanan məlumatlara əsasən, isti hava dalğasının təsirləri başa çatdıqdan sonra da yüksək temperaturla əlaqəli ölüm halları davam edib.

Qurumun yenilənmiş statistikasına görə, iyunun 18-dən iyulun 3-dək olan dövrdə ölkədə isti hava dalğası ilə əlaqəli əlavə ölüm göstəricisi 48 faiz təşkil edib. Həmin müddətdə yüksək temperatur səbəbindən 2 mindən çox əlavə ölüm qeydə alınıb.

"Sciensano" bildirib ki, isti hava dalğasından ən çox təsirlənən bölgə Valoniya olub. Bu ərazidə ölüm səviyyəsi normal göstəricilərlə müqayisədə 77 faiz artıb və 1059 əlavə ölüm qeydə alınıb.

Brüssel Paytaxt Bölgəsində 188, Flamand bölgəsində isə 768 əlavə ölüm halı qeydə alınıb.

Ötən həftə açıqlanan ilkin məlumatlarda isti hava dalğası səbəbindən 1747 əlavə ölümün baş verdiyi və artıq ölüm göstəricisinin 47,8 faiz olduğu bildirilmişdi.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Belçikada baş verən güclü isti hava dalğası zamanı 1557 əlavə ölüm qeydə alınmış, ölüm səviyyəsində artım isə 37,5 faiz təşkil etmişdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər