- 11:42
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hava zərbələrinin başa çatdığını və əməliyyat zamanı hərbi obyektlərin hədəfə alındığını bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıblar.
CENTCOM-un məlumatına görə, ardıcıl səkkizinci gecə həyata keçirilən əməliyyat zamanı İranın sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə obyektləri, hərbi dəniz qüvvələrinə aid vasitələr, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar vurulub.
Komandanlıq əməliyyatın nəticələri və hədəflərə dəyən ziyanla bağlı əlavə məlumat açıqlamayıb.
***
08:17
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın əmri ilə İrana qarşı yeni hərbi əməliyyatların başladığını və zərbələrin əsas hədəfinin İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhdid imkanlarını zəiflətmək olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, ABŞ Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə İran ərazisinə qarşı növbəti zərbələr seriyasına başlayıb.
CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid etmək imkanlarını daha da zəiflətmək, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dərhal cavab verməkdir.
ABŞ hərbçilərinin iddiasına görə, SEPAH İordaniyada yerləşən Amerika hərbçilərinə hücum edib.
Komandanlıq həmçinin açıqlayıb ki, İordaniyada İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumun dəf edilməsi zamanı iki ABŞ hərbçisi həlak olub, daha bir hərbçi isə itkin düşmüş hesab edilir.