- 20 İyul 22:06
Türkiyənin İzmir vilayətinin Seferihisar və Çeşmə rayonlarında keçirilən əməliyyatlar zamanı ümumilikdə 80 qeyri-qanuni miqrant saxlanılıb, dənizdə köməksiz vəziyyətdə qalan 7 nəfər isə xilas edilib.
E-huquq.az Türkiyə mətbautaına istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Komandanlığının yaydığı məlumata görə, Seferihisar sahillərində mobil sahil müşahidə sistemi vasitəsilə rezin qayıqda hərəkət edən miqrant qrupu müəyyən edilib. Əraziyə cəlb olunan sahil mühafizəsi əməkdaşları qayığı saxlayaraq, aralarında 17 uşağın da olduğu 40 nəfəri sahilə çıxarıblar.
Oxşar əməliyyat Çeşmə rayonu sahillərində də həyata keçirilib. Daxil olan məlumat əsasında hadisə yerinə göndərilən sahil mühafizəsi qüvvələri rezin qayığı saxlayaraq daha 40 qeyri-qanuni miqrantı nəzarətə götürüblər.
Saxlanılan şəxslər müvafiq prosedurlar tamamlandıqdan sonra İzmir Miqrasiya İdarəsinə təhvil verilib.
Bundan əlavə, Çeşmə rayonunda mühərrik nasazlığı səbəbindən dənizdə köməksiz vəziyyətdə qalan, içərisində 7 nəfərin olduğu qayığın kömək çağırışı əsasında xilasetmə əməliyyatı həyata keçirilib. Sahil Mühafizəsi Komandanlığının əməkdaşları həmin şəxsləri təhlükəsiz şəkildə xilas edib, nasaz qayıq isə yedəyə alınaraq Çeşmealtı limanına çatdırılıb.
Şəbnəm Mehdizadə