- 20 İyul 22:06
İspaniyanın Saragoza və Qvadalaxara əyalətlərində davam edən genişmiqyaslı meşə yanğınları indiyədək 29 min hektardan çox ərazini külə çevirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək temperatur, quraqlıq və güclü külək yanğınların sürətlə yayılmasına səbəb olub. Hazırda ölkənin müxtəlif bölgələrində alovun nəzarət altına alınması istiqamətində genişmiqyaslı əməliyyatlar davam etdirilir.
Fəlakət səbəbindən minlərlə sakin təhlükəsizlik məqsədilə təxliyə olunub.
Ən iri yanğınlardan biri iyulun 15-də Saragoza əyalətinin Cinco Villas bölgəsində başlayıb. Hakimiyyət orqanlarının "ilin ən böyük meşə yanğını" adlandırdığı hadisə nəticəsində indiyədək 16 min hektar ərazi yanıb. Yanğının söndürülməsinə yüzlərlə yanğınsöndürən, hərbi fövqəladə hallar bölmələri və çoxsaylı hava texnikası cəlb olunub.
Digər böyük yanğın isə paytaxt Madriddən təxminən 100 kilometr məsafədə yerləşən Qvadalaxara əyalətinin La Mierla bölgəsində qeydə alınıb. İyulun 16-dan etibarən davam edən yanğın 13 min hektardan artıq ərazini məhv edib. Əlverişsiz hava şəraiti alovun qarşısının alınmasını çətinləşdirir.
İspaniya Meteorologiya İnstitutu ölkə üzrə yeni isti hava dalğasının gözlənildiyini açıqlayıb. Proqnozlara əsasən, bəzi bölgələrdə havanın temperaturu 45 dərəcəyədək yüksələ bilər.
Mütəxəssislər yüksək yanğın riski ilə əlaqədar əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıblar.
Şəbnəm Mehdizadə