- 20 İyul 22:06
Kanadada yaşayan həvəskar astronom "Google Maps" üzərində təsadüfən aşkar etdiyi nəhəng halqavari geoloji quruluşun sirrini açıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində həmin formanın təxminən 390 milyon il əvvəl baş vermiş meteor toqquşması nəticəsində yaranan nəhəng krater olduğu təsdiqlənib.
Kanadalı həvəskar astronom Joël Lapointe 2024-cü ildə düşərgə marşrutu hazırlayarkən "Google Maps"də diqqətini çəkən qeyri-adi halqavari quruluşla qarşılaşıb. Quruluşun adi təbii formasiya olmadığını düşünən Lapointe görüntüləri araşdırılması üçün mütəxəssislərlə bölüşüb.
Elmi araşdırmaların nəticəsində məlum olub ki, sözügedən struktur qədim dövrlərdə baş vermiş böyük meteor zərbəsinin izidir.
Kanadanın Kvebek əyalətinin Cote-Nord bölgəsində yerləşən və Uhaachatik Krateri adlandırılan geoloji quruluşun diametrinin təxminən 25 kilometr olduğu müəyyən edilib. Bu ölçü onu Yer kürəsindəki ən diqqətçəkən qədim zərbə kraterlərindən birinə çevirir.
Kəşfdən sonra əraziyə yollanan beynəlxalq tədqiqat qrupu çətin relyef şəraitinə baxmayaraq geniş araşdırmalar aparıb. Alimlər meteor toqquşmalarının əsas geoloji sübutlarından hesab edilən "şok konusları" (shatter cones), eləcə də zərbə nəticəsində yaranmış ərimiş süxur nümunələri aşkarlayıblar.
Əldə olunan bu sübutlar Uhaachatik Kraterinin həqiqətən də meteor toqquşması nəticəsində yarandığını təsdiqləyib.
Şəbnəm Mehdizadə