- 15:27
İranın hücumları nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-nin "CBS News" telekanalına adının açıqlanmasını istəməyən amerikalı rəsmilər bildirib.
Onlar İranın ABŞ hərbi bazalarına endirdiyi raket zərbələri nəticəsində çoxsaylı hərbçinin yaralandığını bildiriblər.
Məlumata görə, Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə həyata keçirilən İran hava hücumları zamanı təxminən 100 amerikalı hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, yaralıların böyük əksəriyyəti müalicədən sonra yenidən xidmətə qayıdıb.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnell telekanala açıqlamasında iyulun 7-dən etibarən təxminən 100 hərbçinin müxtəlif dərəcəli xəsarət aldığının müəyyənləşdirildiyini təsdiqləyib. Onun sözlərinə görə, yaralananların 96 faizi artıq xidmətini davam etdirir.
Parnell bildirib ki, yaralanmaların əksəriyyəti yüngül beyin silkələnməsi olub və hərbçilər xidmətə qayıtmaqda qərarlıdırlar.
Bundan əvvəl "The New York Times" qəzeti ABŞ Müdafiə Nazirliyinin İranın son dövrlərdə ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi bəzi hücumları və bu hücumlar nəticəsində çoxsaylı amerikalı hərbçinin yaralandığını ictimaiyyətdən gizlətdiyini iddia etmişdi.
Qəzetə danışan ABŞ rəsmilərinin sözlərinə görə, İordaniyada 2 amerikalı hərbçinin həlak olduğu və 1 hərbçinin itkin düşdüyü hücumdan əvvəl İran bu ölkədə yerləşən ABŞ qüvvələrinə daha üç hücum həyata keçirib. Həmin hücumlar nəticəsində çoxsaylı hərbçi yaralanıb, ABŞ-yə məxsus bir sıra helikopterlərə isə ziyan dəyib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İranın İordaniyadakı ABŞ hərbi bazasına hücumu nəticəsində 2 hərbçinin öldüyünü, 1 hərbçinin isə itkin düşdüyünü açıqlayıb. Pentaqon həlak olan hərbçilərin şəxsiyyətinin müəyyənləşdirildiyini və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
CENTCOM həmçinin iyulun 18-də İraqda İrana məxsus pilotsuz uçuş aparatının (PUA) partlamamış sursatının zərərsizləşdirilməsi zamanı 1 amerikalı hərbçinin həlak olduğunu açıqlayıb.
Beləliklə, ABŞ və İsrailin fevral ayında İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra həyatını itirdiyi açıqlanan ABŞ hərbçilərinin sayı 17-yə çatıb.
Şəbnəm Mehdizadə