- 16:10
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan İran vətəndaşı Kasra Əşrəfi saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, MİT-in apardığı kəşfiyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Kasra Əşrəfinin Bodrumda olduğu müəyyən edilib. Əldə olunan məlumat əsasında MİT və polis əməkdaşları tərəfindən onun olduğu ünvana xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı Kasra Əşrəfi saxlanılıb. Yaşadığı ünvana baxış zamanı 45 min avro nağd pul, bir kriptovalyuta cüzdanı, qızıl-zinət əşyaları, iki ədəd qol saatı və altı mobil telefon aşkar edilərək götürülüb.
Araşdırma zamanı məlum olub ki, əməliyyat zamanı Əşrəfinin yanında olan həyat yoldaşı Fatima Dhahrinin də "narkotik vasitələrin istehsalı və satışı" ittihamı ilə Türkiyəyə girişinə qadağa qoyulub.
Kasra Əşrəfi polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə