ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50 faiz gömrük rüsumu tətbiq edəcək


  • 12:22

ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50 faiz gömrük rüsumu tətbiq edəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp 1930-cu il Tarif Qanununun 338-ci maddəsinə əsasən Kanada mənşəli müəyyən məhsullara 50 faiz əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan üç fərman imzalayıb.

Bildirilib ki, qərarın məqsədi Kanadanın ABŞ məhsullarına qarşı tətbiq etdiyi "ayrı-seçkilik xarakterli" tədbirlərdən irəli gələn mənfi təsirləri aradan qaldırmaq, avtomobil, spirtli içkilər və süd məhsulları kimi ABŞ-nin əsas ixrac sahələri üçün bərabər rəqabət şəraiti yaratmaqdır.

Açıqlamada qeyd olunub ki, yeni rüsum müxtəlif məhsul qruplarını əhatə edir. Bu siyahıya şərab, hokkey çubuqları, sement və digər məhsullar daxildir.

Ağ Ev vurğulayıb ki, sözügedən tarif məhsulun ABŞ-Meksika-Kanada Sazişi (USMCA) çərçivəsinə daxil olub-olmamasından asılı olmayaraq bütün müvafiq mallara şamil ediləcək.

Bununla yanaşı, enerji məhsulları, kalium gübrəsi (potaş), ABŞ ticarət qanunvericiliyinin 232-ci maddəsi çərçivəsində artıq tarif tətbiq olunan məhsullar, eləcə də balıq və kritik minerallar yeni rüsumdan azad ediləcək.

Məlumata görə, yeni gömrük rüsumu prezident fərmanlarının imzalanmasından 30 gün sonra - avqustun 19-da qüvvəyə minəcək.

Ağ Ev qərarın əsaslandırılmasına toxunaraq bildirib ki, Kanada ABŞ-dan idxal olunan avtomobillərə tarif və kvotalar tətbiq etdiyi halda, digər ölkələrdən gətirilən avtomobillərə eyni məhdudiyyətləri tətbiq etmir.

Qeyd olunub ki, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək olan dövrdə Kanadanın ABŞ-dan idxal etdiyi avtomobillərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz azalıb.

Həmçinin bildirilib ki, Kanadanın əyalət və ərazilərinin əksəriyyəti ABŞ istehsalı olan spirtli içkilərin alınmasını, paylanmasını və pərakəndə satışını dayandırıb. Nəticədə, 2025-ci ilin martından 2026-cı ilin fevralınadək ABŞ-dan Kanadaya spirtli içki idxalı illik müqayisədə təxminən 81 faiz azalıb.

Ağ Ev Kanadanın "mürəkkəb və proteksionist" kimi qiymətləndirdiyi süd məhsulları siyasətinin də yeni gömrük rüsumunun tətbiqinə əsas səbəblərdən biri olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər