- 17:36
Almaniyada "təhlükəsizlik və asayişin təmin olunması" məqsədilə qatarlarda və dəmir yolu stansiyalarında alkoqol qəbuluna qadağa qoyulacaq.
E-huquq.az xarici KİV-əistinadən xəbər verir ki, yeni qayda ölkə üzrə təxminən 5 min 400 dəmir yolu stansiyasına şamil ediləcək.
Son dövrlərdə qatarlarda və stansiyalarda zorakılıq və hücum hallarının artması Almaniya Federal Dəmir Yollarını (DB) bu istiqamətdə tədbirlər görməyə vadar edib.
"Bild" qəzetinin məlumatına görə, alkoqol qadağasının ən gec oktyabrın 15-dək ölkə üzrə qüvvəyə minməsi planlaşdırılır.
Almaniya Federal Dəmir Yollarının rəhbəri Evelin Palla açıqlamasında daha sərt tədbirlərin görüləcəyini bildirib.
"Artıq kifayətdir, yorulduq. Bundan sonra daha sərt tədbirlər görəcəyik. Dəmir yolu stansiyalarımızda və qatarlarımızda daha çox nizam-intizam və təhlükəsizlik təmin etmək istəyirik. Mənim üçün əsas məsələ əməkdaşlarımızın və sərnişinlərimizin qorunmasıdır", - deyə o qeyd edib.
Hazırda Almaniyanın Hamburq, Köln və Münhen kimi böyük şəhərlərində yerləşən təxminən 30 iri dəmir yolu stansiyasında artıq alkoqol istehlakına qadağa tətbiq olunur.
Yeni tənzimləmənin ölkənin bütün ərazisinə yayılması nəzərdə tutulur.
Qadağa stansiyalarda fəaliyyət göstərən restoran və kafelərə şamil edilməyəcək. Həmçinin açılmamış və çantada daşınan alkoqollu içkilərin saxlanmasına icazə veriləcək.
Şəbnəm Mehdizadə