Fransa 15 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsini qadağan etdi


  • 09:52

Fransa parlamenti 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Fransa sosial media istifadəsinə yaş məhdudiyyəti tətbiq edən ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub.

Fransa Prezidenti Emmanuel Makronun dəstəklədiyi qanun layihəsi əvvəlcə Senatda təsdiqlənib, daha sonra isə Milli Assambleyada 279 lehinə, 81 əleyhinə səslə qəbul olunub.

Müzakirələr zamanı deputatlar bu addımın uşaqların rəqəmsal mühitdə qorunması baxımından zəruri olduğunu bildiriblər.

Qanunun qəbulundan sonra Prezident Emmanuel Makron sosial media hesabında verdiyi açıqlamada vəd etdiyi kimi, 15 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsinin qadağan olunduğunu açıqlayıb. O, qanunu dəstəkləyən parlament üzvlərinə təşəkkür edərək, uşaqların onlayn təhlükələrdən qorunmasının vacibliyini vurğulayıb.

Yeni qaydalara əsasən, sosial media platformaları yaşın təsdiqlənməsi sistemini tətbiq etməli olacaq. Sentyabrın 1-dən etibarən 15 yaşdan aşağı şəxslərin yeni sosial media hesabı açmasına icazə verilməyəcək. Bundan əlavə, hazırda aktiv olan 15 yaşdan aşağı istifadəçilərə məxsus hesabların 4 ay ərzində bağlanması tələb olunacaq.

Qeyd edək ki, son illərdə azyaşlıların sosial media istifadəsinin tənzimlənməsi bir çox ölkənin gündəmindədir. Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya da bu istiqamətdə yaş məhdudiyyətləri tətbiq edən ölkələr sırasındadır. Avropa İttifaqı isə gələcəkdə oxşar tədbirlərin görüləcəyini bəyan edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər