- 10:55
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başladığını elan etməsindən sonra ölkənin müxtəlif əyalətlərində ardıcıl partlayış səslərinin eşidildiyi bildirilib.
E-huquq.az xəbər berir ki, İran mətbuatının yaydığı məlumata görə, hücumlar nəticəsində ölkənin müxtəlif şəhərləri və limanları hədəfə alınıb. Məlumatlarda Təbriz şəhərinin cənubunda yerləşən hərbi obyekt yaxınlığında, həmçinin Xuzistan əyalətinin Məhşəhr və Behbehan şəhərlərində partlayışların baş verdiyi qeyd olunur.
İran Dövlət Televiziyası isə Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində dörd güclü partlayış səsinin eşidildiyini və bölgə üzərində ABŞ-ın döyüş təyyarələrinin uçuş həyata keçirdiyini açıqlayıb. Eyni əyalətin Kunərək şəhərində də partlayış səslərinin qeydə alındığı bildirilib.
Bundan başqa, Hörmüzqan əyalətinin Sirik şəhəri, Buşəhr yaxınlığındakı iki məntəqə və Kirmanşah əyalətinin Kəngavər şəhərinin də ABŞ-nin raket və hava zərbələrinin hədəfi olduğu iddia edilir.
İran mediasının məlumatına əsasən, hücumların başlamasından sonra paytaxt Tehranda hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Fars Xəbər Agentliyi Tehranın şərq hissəsində hava müdafiə sistemlərinin işə düşərək hədəflərə atəş açdığını bildirib.
Hadisələrlə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumatların açıqlanacağı gözlənilir.
Şəbnəm Mehdizadə