- 12:11
Fransanın bir sıra bölgələrində meşə yanğınlarının söndürülməsi istiqamətində genişmiqyaslı əməliyyatlar davam edir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Hautes-Alpes, Vande, Haute-Corse, Loire-Atlantique və Var departamentlərində yanğınlarla mübarizə üçün yüzlərlə xilasedici və xüsusi texnika səfərbər olunub.
Fransa Meteorologiya Xidməti Aude, Gard, Bouches-du-Rhone, Var və Voklüz departamentlərində "çox yüksək", əsasən ölkənin cənubunda yerləşən daha 30 departamentdə isə "yüksək" yanğın riski barədə xəbərdarlıq edib.
Yerli KİV-in məlumatına görə, Hautes-Alpes departamentində Argentiere-la-Besse və Freissiniere qəsəbələrinin meşəlik ərazilərində başlayan yanğın nəticəsində 50 hektardan çox sahə yanıb.
Var departamentinin Taradeau şəhərində qısa müddətdə geniş əraziyə yayılan alovun söndürülməsinə 350-dən çox yanğınsöndürən, onlarla xüsusi texnika və aviasiya qüvvələri cəlb olunub. Təxminən 200 hektar ərazini məhv edən yanğın nəzarət altına alınsa da, söndürmə işləri davam edir.
Korsika adasının Haute-Corse departamentində yerləşən Albertacce və Corte bölgələrində baş verən yanğınların söndürülməsinə 250-dən çox yanğınsöndürən cəlb edilib. Həmin ərazilərdə ümumilikdə 570 hektar sahə yanaraq külə dönüb.
Ölkənin qərbində yerləşən Vande departamentinin Sables-d'Olonne və Saint-Jean-de-Monts kurort şəhərlərində baş verən yanğınlar səbəbindən təxminən 3 min nəfər təxliyə olunub. Yanğın nəticəsində 13 hektardan çox əkin sahəsi məhv olub.
Loire-Atlantique departamentində, Nant şəhərinin şimal-şərqində avtomobilin alışması nəticəsində düşərgə ərazisinə yayılan yanğında isə 10 hektardan çox sahə yanıb. Təxminən 200 nəfərin təxliyə edildiyi ərazidə 150-yə yaxın yanğınsöndürən və 45 texnika söndürmə işlərini davam etdirir.
Gironde departamentinin Bordo şəhərində yerləşən Bordo-Merinyak Hava Limanı yaxınlığındakı meşəlik ərazidə də yanğın qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hava limanı ətrafını qalın tüstünün bürüdüyü əks olunub.
Fransanın daxili işlər naziri Loran Nunez Milli Assambleyada çıxışı zamanı Merinyak bölgəsində yanğının söndürülməsi zamanı iki yanğınsöndürənin həlak olduğunu açıqlayıb.
Fransa hökumətinin son məlumatına görə, ilin əvvəlindən indiyədək ölkədə təxminən 40 min hektar ərazi yanaraq məhv olub. Bu göstərici ötən il bütün yanğın mövsümü ərzində qeydə alınan rəqəmi artıq geridə qoyub.
Şəbnəm Mehdizadə