- 15:03
Yunanıstanda müşahidə olunan kəskin isti hava şəraiti ilə əlaqədar bu gün saat 13:00-dan 17:00-dək açıq havada görülən bəzi işlərin icrası müvəqqəti dayandırılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Əmək və Sosial Təminat Nazirliyinin yaydığı məlumata görə, ölkədə hava temperaturunun təhlükəli həddə yüksələcəyi gözlənildiyindən işçilərin sağlamlığının qorunması məqsədilə xüsusi tədbirlər görülüb.
Qərara əsasən, Mərkəzi Yunanıstan, Tesaliya, Peloponnes yarımadası və paytaxt Afinanın yerləşdiyi Attika bölgəsində tikinti, gəmiqayırma, kuryer xidmətləri və digər açıq hava işlərində saat 13:00-17:00 aralığında fəaliyyət qadağan edilib.
Bundan əlavə, sağlamlıq problemi olan, yaşlı və hamilə ofis əməkdaşlarının məsafədən işləməsinə icazə verilib.
Yunanıstan Meteorologiya Xidmətinin proqnozuna əsasən, iyulun 19-dan davam edən isti hava dalğası fonunda bu gün Attika, Viotiya, Ftiotida, Arqolida, Tesaliya və Korinf bölgələrində temperaturun 40 dərəcəni keçəcəyi, Tesaliyada isə 43 dərəcəyə çatacağı gözlənilir.
Eyni zamanda, Krit adası, Peloponnes yarımadası və Cənubi Egey adaları başda olmaqla bir sıra bölgələrdə yüksək temperaturla yanaşı, səhradan gələn toz kütlələrinin də hava şəraitinə təsir edəcəyi proqnozlaşdırılır.
Şəbnəm Mehdizadə