- 15:03
İtaliyanın Siciliya adasında meşə yanğınları ilə mübarizə davam edir.
E-huquq.az-ın məlumatına görə, güclü külək alovun sürətlə yayılmasına səbəb olub.
Yerli mənbələrin məlumatına görə, adanın qərbində, Palermo şəhəri yaxınlığındakı Lonqa dağının ətəklərində dünən başlayan yanğın gecə saatlarında küləyin təsiri ilə daha da genişlənib.
Palermo ətrafındakı Trabia bölgəsində baş verən yanğınlar bir sıra yolların bağlanmasına səbəb olub və yaşayış məntəqələri üçün təhlükə yaradıb.
Bəzi evlər alovun əhatəsində qalıb. Təhlükəsizlik qüvvələri və yanğınsöndürənlər risk altında olan sakinləri təxliyə ediblər.
Yanğınlar Siciliyanın müxtəlif ərazilərində elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlərin yaranmasına səbəb olub.
Yerli KİV-in məlumatına görə, Palermo və ətraf ərazilərdə gecə boyu elektrik təchizatında fasilələr müşahidə edilib.
Bundan başqa, Siciliyanın iki iri şəhəri - Palermo və Kataniya arasında yerləşən avtomobil magistralının müxtəlif hissələrində də meşə yanğınları davam edib.
Adanın cənubunda, Aqrigento vilayətinin Santo Stefano Kiskina qəsəbəsi yaxınlığında baş verən yanğın da güclü küləyin təsiri ilə genişlənərək yaşayış məntəqələrini təhdid edib. Təhlükəsizlik məqsədilə bölgədən 100-dən çox sakin təxliyə olunub.
Yanğınların söndürülməsi əməliyyatlarına havadan dəstək vermək üçün hadisə bölgəsinə çoxsaylı helikopterlər və yanğınsöndürmə təyyarələri cəlb edilib.
Aidiyyəti qurumlar alovun tam nəzarət altına alınması istiqamətində işləri davam etdirirlər.
Şəbnəm Mehdizadə