- 14:57
Cənubi Koreya Milli Diplomatiya Akademiyasının (KNDA) onlayn təhsil sisteminə qarşı həyata keçirilən kiberhücum nəticəsində hazırda fəaliyyət göstərən və təqaüddə olan diplomatlar da daxil olmaqla, təxminən 10 min nəfərə aid şəxsi məlumatların sızdırılmış ola biləcəyi bildirilir.
E-huquq.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi adı açıqlanmayan Xarici İşlər Nazirliyi rəsmisinə istinadən məlumat verib.
Məlumata görə, nazirlik 2026-cı ilin fevralında onlayn təhsil sisteminə şübhəli girişin qeydə alınmasından sonra platformanın fəaliyyətini dayandırıb.
Nazirlik rəsmisi bildirib ki, kiberhücum nəticəsində təxminən 10 min əməkdaşın şəxsi məlumatları ələ keçirilmiş ola bilər. Bununla yanaşı, şəxsiyyət vəsiqəsi məlumatları, mobil telefon nömrələri və ev ünvanları kimi həssas məlumatların sızdırıldığına dair hər hansı sübutun olmadığı qeyd edilib.
Rəsmi əlavə edib ki, hazırda hücumu həyata keçirən şəxslərin və ya qrupların kimliyini müəyyənləşdirmək üçün qurumun kifayət qədər texniki imkanları yoxdur.
“Xaricdə fəaliyyət göstərən haker qruplarının hadisədə iştirak etməsi ehtimalı da daxil olmaqla, heç bir versiyanı istisna etmirik. Bu məsələni milli təhlükəsizlik baxımından qiymətləndiririk”, - deyə nazirlik nümayəndəsi bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Şəbnəm Mehdizadə