- 17:44
İranın davam edən hücumları fonunda Bəhreyn və Səudiyyə Ərəbistanında hava həyəcanı siqnalları səsləndirilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsinin sosial şəbəkə hesabında yayılan məlumata görə, Dammam şəhərində həyəcan siqnalları işə salınıb. Vətəndaşlara təhlükə aradan qalxanadək təhlükəsiz yerləri tərk etməmək, açıq ərazilərdən, pəncərələrdən, eyvanlardan və damlardan uzaq durmaq tövsiyə olunub.
Bəyanatda açıq havada olan şəxslərə ən yaxın binaya daxil olmaq və ya möhkəm maneənin arxasında sığınmaq tövsiyə edilib. Həmçinin vətəndaşlardan təhlükəli ərazilərdə toplaşmamaq, hadisə yerindən görüntü çəkməmək və həmin ərazilərdən uzaq durmaq istənilib.
Bundan əlavə, avtomobil idarə edərkən xəbərdarlıq alan sürücülərə körpülərdən və hündür tikililərdən uzaqda təhlükəsiz yerdə dayanmaq, rəsmi qurumların yaydığı təlimatlara ciddi əməl etmək tapşırılıb.
Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Dammam şəhəri üçün təhlükənin aradan qalxdığını açıqlayıb. Bununla yanaşı, əhalidən təhlükəsizlik qaydalarına riayət etməyə davam etmələri, kütləvi şəkildə toplaşmamaları və hadisə yerlərini görüntüləməmələri xahiş olunub. Fövqəladə hallarda isə 911 təcili yardım xəttinə müraciət edilməsi tövsiyə edilib.
Bəhreyn Daxili İşlər Nazirliyi də yaydığı açıqlamada ölkədə həyəcan siqnallarının səsləndiyini təsdiqləyib. Nazirlik vətəndaşlara və ölkədə yaşayan əcnəbilərə sakitliyi qorumağı, ən yaxın təhlükəsiz əraziyə keçməyi tövsiyə edib.
Nazirliyin sonrakı xəbərdarlığında həyəcan siqnallarının yenidən işə salındığı bildirilib və əhali bir daha təhlükəsiz sığınacaqlara yönəlməyə çağırılıb.
Şəbnəm Mehdizadə